Gəncədə ölkə futbolu adına yaşanan biabırçılıq barədə xəbər vermişdik.
Bir daha kiçik xatırlatma edək ki, qərbin paytaxtında uşaq və yeniyetmələr arasında (8-14 yaş aralığı) çempionatının keçirilməsi üçün şərait olmadığından, məşqçi və futbolçular geri çəkilib.
Futbolçuların soyunub-geyinmə və tualet otaqları olmadığı üçün 9 komandadan 20-yə yaxın məşqçi boykot qərarını verib və bu, üç həftədir davam edir.
Onlar şərait yaxşılaşdırılmayınca, çempionata qatılmayacaqlarını bildiriblər ki, bu barədə AFFA-dakı məsul şəxslərin də xəbəri var.
Məsələyə aydınlıq gətirmək, problemin hansı yolla həll olacağını öyrənmək üçün assosiasiyanın mətbuat katibi Elnur Məmmədovla əlaqə saxladıq:
“Gəncə şəhər stadionunda təmir-tikinti işlərinin aparılması ilə əlaqədar müəyyən çətinliklərin yaranmasından xəbərdarıq. Yaxın vaxtlarda bu istiqamətdə addımlar atılacaq və məsələ həllini tapacaq”.
Ümid edək ki, AFFA-nın “yaxın vaxtı” həftələri yox, günləri əhatə edəcək. Gözləyək.
HƏBİB / SPORTİNFO.AZ