COP29

Ölkə futbolunda BİABIRÇILIQ: Məşqçilər boykot etdi, komandalar geri çəkildi

19:00 Azərbaycan Futbolu 1 779
Ölkə futbolunda BİABIRÇILIQ: Məşqçilər boykot etdi, komandalar geri çəkildi

Azərbaycanda uşaq futbolunun hansı səviyyədə olduğunu bilmək üçün uzağa boylanmağa gərək yoxdur.

Hələ sovet dövründən“Futbolun Məkkəsi” adlandırılan Gəncədəki vəziyyətə nəzər salmaq kifayət edir.

Ölkənin ikinci ən böyük şəhərində baş məşqçilər oyunları boykot edib, komandalar daxili yarışlara çıxmır. Söhbət 8-14 yaş aralığında nəzərdə tutulmuş 7 fərqli yaş qrupundan, 40-dan artıq komandadan gedir.

Problemin kökü isə acınacaqlıdır. Adamın yazmağa əli də gəlmir.

Deməli, gələcəyin futbolçularının iştirak etdiyi Gəncədaxili çempionat Gəncə şəhər stadionunun süni örtüklü meydanında keçirilir. Hər həftənin şənbə və bazar günləri 7 yaş qrupunda 40-dan artıq komanda, yəni təxminən 800 uşaq burada çempionat oyunlarında tər tökür.

Futbolçuların rahatlığı üçün heç bir şərait yoxdur. Yuxarıda göstərilən sayda yeniyetmə üçün cəmi iki vaqon ayrılıb. Gün ərzində 400 uşaq burada paltarlarını dəyişməli, təbii ehtiyacını (tualet) ödəməlidir.

Paltarlarınmı soyunub-geyinmək üçün yer tapmırlar. Uşaqlar yağışlı havada açıq havada soyunub-geyinir, şəxsi əşyaları yoxa çıxır, tualet ehtiyaclarını yerinə yetirməkdə ciddi çətinlikıə üzləşirlər. Məşqdən sonra yuyunmaq üçün isti sudan isə söhbət gedə bilməz.

Valideynlərin ciddi narazılığı ilə üzləşən məşqçilər məsələ ilə bağlı AFFA-dakı müvafiq şəxslərə müraciət ünvanlasalar da, yekun nəticə hasil olmayıb. Bir növ şikayətləri qulaq ardına vurulub.

Halbuki, vəziyyəti qaydasına salmaq üçün müxtəlif çıxış yolları mövcuddur. Məşqçilər həmin variantları da diqqətə çatdırıblar. Di gəl, Bakıda kabinetlərdə əyləşənlər canlarına əziyyət vermək istəmir.

Əli işdən soyuyan mütəxəssislər çıxış yolunu boykotda görüblər. Odur ki, 9 komandadan 20 məşqçi kənara çəkilib və buna görə də 3 həftədir komandalar daxili yarışlarda iştirak etmir.

Boykot qərarını verən məşqçilərin və çalışdıqları klubların siyahısı belədir:

Orxan Verdiyev, Elşən Əliyev, Cavad Nəcəfi (Azəri), Ramin Süleymanov, Zaur Məmmədov (Gəncəvi), İlkin Verdiyev, İntiqam Səmədov, Turan Əliyev (Gəncə), Elçin Quziryani, Samir Cəfərov, Teymur Nəbiyev (Çinar), Elnur Abdullayev, Emin Məmmədov (Ümid), Samir Məmmədov (Lokomotiv), Mikayıl Əliyev, Elçin Əliyev (Arzu), Həsən Abdullayev, Elçin Seyidov (Ruslan), Qafar Qafarov, Afiq Rüstəmov (Gənclərbirliyi).

Bu adamların istəyi uşaq komandalarına, yəni gələcəyin futbolçularına şəraitin nisbətən yaxşılaşdırılmasına nail olmaqdır.

Hər il ölkə futboluna 20 milyondan artıq vəsait xərcləndiyi halda, Gəncədə futbolçuların yetişməsi üçün 50-100 min manat qarşılığında şərait yaradılmırsa, Azərbaycan futbolunun işıqlı gələcəyinə ümid etmək yersizdir.

Əsl problem gözlərimizin önündədir. Biz də Mahir Emrelinin qırmızı vərəqə almasından, Ramil Şeydayevin ötürmə verməməsindən, Rahil Məmmədovla Bədavi Hüseynovun səhvlərindən danışırıq.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti