Rövşən Nəcəf "Neftçi"nin rəhbərliyindən AFFA-nın prezidentliyinə gələndə hamı narahat idi.
Axı SOCAR-ın rəhbəri çox qısa müddətdə "ağ qaralar"ı tarixinin ən pis gününə sala bilmişdi.
Bugünkü "Neftçi" Rövşən bəyin "əsəri"dir. Məhz onun gəlişindən sonra paytaxt klubunda verilən uğursuz qərarlar tarixi klubu tarixinin ən pis günlərinə qədər daşıya bildi. Məncə, "Neftçi" üçün daha bundan da pis gün ola bilməz.
Hə, sonuncu cümləni artıq Azərbaycan millisi ətrafında da çox eşidirik.
Mətbuat, azarkeşlər, mütəxəssislər bir ağızdan indiki milliyə "söz tapmırıq deməyə" deyirlər.
Söhbət yalnız əsas millidən yox, həm də gələnə-gedənə uduzan bütün aşağı yaş qrup millilərdən gedir.
"Neftçi"də olduğu kimi milli komandalar ətrafında da bir xaos, çarəsizlik var. Bu gün fiaskodur, gələcək isə qaranlıq görünür. Nəsə dəyişmək üçün hərəkətlilik yoxdur.
Deməli, Rövşən Nəcəf "Neftçi"dəki uğursuz icraçı kimliyini artıq AFFA-ya da daşıya bilib.
Bu həm də gələcək faciələrin başlanğıcı deməkdir.
"Neftçi"nin halı şükürlüdür. Ki, artıq yeni rəhbərliyi var. Bəlkə, 1 aya, bəlkə də 5 aya mövcud vəziyyətdən xilas olmağın yolunu tapa biləcəklər.
Amma milli komandalların bəlası daha dərindir. Axı hələ qarşıdakı 5 ili də AFFA-nın rəhbər postunda Rövşən Nəcəfi görəcəyik.
Geridə buraxdığımız 6 ayda ölkə futbolunu bu günə qoyan adamın qarşıdakı 4,5 ildə edəcəklərini düşünəndə adamın tükləri biz-biz olur.
XANOĞLAN İMANOV