Avropa Liqasının və Konfrans Liqasının pley-off mərhələsinin ötən gecə keçirilən cavab oyunlarından sonra ölkələrin UEFA reytinqi yenilənib.
Sportinfo.az xəbər verir ki, KL-də Azərbaycan təmsilçisi “Zirə” evdə “Omoniya”nı 1:0 hesabı ilə məğlub edib.
Paytaxt klubu ilk görüşdə 0:6 hesabı ilə uduzduğu üçün turnirdə mübarizəsini dayandırsa da, cavab matçındakı qələbəsi ilə Azərbaycana 0,250 xal qazandırıb.
Buna baxmayaraq, Azərbaycanın siyahıdakı mövqeyi dəyişməyib. Hesabında 19,125 xal olan ölkəmiz 26-cıdır.
Cari mövsüm Azərbaycan klubları ümumilikdə 2,375 xal qazanıblar. Ölkə reytinqi üçün “Zirə” 1,250, “Qarabağ” 0,750, “Sabah” 0,250, “Sumqayıt” 0,125 xal əldə edib.
Sıralamaya 89,303 xalla İngiltərə liderlik edir.