Beynəlxalq dërəcəli hakim, sabiq FİFA referisi Tahir Sülemanov sosial şəbəkə hesabında yeni paylaşım edib.
Fanat.Az xəbər verir ki, "Neftçi"nin sabiq vitse-prezidenti "Zirə"nin Konfrans Liqasının pley-off mərhələsinə yüksəlməsini vurğulayaraq digər ölkə təmsilçilərini işlərinə diqqətli yanaşmağa səsləyib:
"Uzun illərdən sonra avrokuboklarda iki klubumuz pley-off mərhələsinə hazırlaşır. Azərbaycan klub futbolu bu mərhələləri çoxdan keçib. Zamanında "Bakı", "Qarabağ", "Neftçi", "Qəbələ"... Vaxt yetişdi, klublarımız qruplar yolunu açdı, minimum pley-offa çıxmayan komandaların nəticələri nəinki uğursuzluq, qəbulolunmaz sayılırdı. "Xəzər Lənkəran", "İnter" daxil, komandalarımızın gücü qruplar səviyyəsində idi...
O illərin dəyəri bilinmədi... Ümumi futbol sistemsizliyi, daxili çəkişmələr, üzdən yanaşmalar, uzağı görməmək, məkrli planlar, klublar qarışıq, Azərbaycan futbolunu çökdürdü. Bataqlıqda ayaqda durmağı bacaran tək "Qarabağ" oldu!
"Zirə"nin timsalında geridönüş çox müsbət məqamdır. Qat-qat imkanlı, köklü klublarımız çabalamaqda, bəhanələrlə azarkeşlərini, futbol ictimaiyyətini pley-offlara, qruplar/liqa yoluna "daşımaq"da davam edirlər.
Eyforiyaya qapılmamalıdır... Avrokuboklarda iki klubumuzun hazırkı mərhələyə çatması, ölkə futbolundakı problemləri çılpaqlığı ilə üzə çıxartdı. 3-4 klub olsaydı nələr baş verərdi?! Yəqin ki, daxili çempionat dayandırılardı... Nə yazıq ki, yaxın keçmişin, yumşaq deyilsə, səhvlərindən nəticə çıxarılmayıb. İstək, tələblər Avropadır, futbola yanaşma isə...
AFFA-da dəyişiklər baş verdi, siyahı üzrə vəzifə bölgüsü aparıldı, köhnə/yeni simalar rəhbərliyə gətirildi. Məsləhət belədir... Bir-iki sözünü deyən fədailərlə heç nə dəyişə bilməz və futbol strukturunda olan böyük əksəriyyət də onların səsinə səs verməz! "Bir parça çörək, iş olsun" əlacsızlığı futbolun iliyinə kimi işləyib. Açığı, mövcud şəraitdə heç kimi qənamıram da...
İctimaiyyətin "təki Azərbaycan futbolunda nəhayət ki, yeniliklər baş versin" ümidi ilə konfrans da keçirildi. Qalaq-qalaq yığılıb qalan problemlərin bir-iki aya həll edilməsi mümkün olmasa da, futbolda beyin yanaşmalarının dəyişməsi üçün vaxta ehtiyac yoxdur. Əksinə, bu, dərhal hiss edilməlidir ki, yeni mərhələnin startı verilsin... Əgər futbolun dirçəlişi sözdə yox, əməldə istənilirsə...
Ölkə futbolunda ümumi kütləvi müzakirələr "küçə davalarını" xatırladır. Emosiyalar, səbirsizlik, yersiz qarşıdurmalar, söz atışmaları üstünlük təşkil edir. Azərbaycan futbolunda yeni strategiya hazırlanır, mərkəz müzakirələri bu olsun gərək. Nəinki futbolda, doğru-dürüst strategiyası, hazırlığı, bundan irəli gələn taktiki gedişləri olmayan ölkə, ordu qələbə qazana bilməz!
Azərbaycan futbolunda hələ ki, təqvim, meydan, ot örtüyü, oynamağa stadion "dərdi" çəkilir. Sanki avrokuboklar təqvimi bilinmirdi... Bilinirdi, sadəcə yadırğamış ölkə futbolunda bir komandadan başqa heç kim, qruplar/liqa mərhələsi bir yana, p.-offları belə düşünmürdü...
Hazırlıqsız futbol təsərrüfatında "problemlər" üzə çıxmağa başladı. Abşeronda "Neftçi"lər metrosu ətrafı, ardınca sərin Mərdəkanda yanmış "qızmar günəş" qazonları, "Gənclik"də, Suraxanı, Zirə, Masazır, Sumqayıt səmasında isə "günəş hücumları"ndan qorunma "ekoloji kupol"larının yaradılması. Heç olmasa yağış bəhanəsi gətirilərdi. Abşeron yarımadası yay aylarında bəlkə də tarixində bu qədər buludlu, yağmurlu hava görməmişdi...
Allahsızlar allahsızlıq edib idarəçilik bacarıqsızlıqlarını günəşin üzərinə qıpqırmızı yaza bilər, illərdi sınanmış metoddur, günəş kimi ruhları da qızarmır. Təqvim yerdəyişmələri, təxirəsalmaları kim(lər)in, nəyin üzərinə atılsın?! Bir-iki günlük futbol texnoloji sabotajı yaradılsa, "günah"ı müasir elmin üstünə atmaq olar. Ölkə futbolu keçmişdə qalsa da, kağız-dəftər dövrü çoxdan keçib...
PFL-də, futbolda iş başında olan fədakar insanlar əziyyət çəkir, hətta qeyd olunan texnoloji inkişafı min əziyyətlə futbola gətirir, Premyer Liqa öz yerində, l, Il liqalarda yerli şəraitdə mümkünsüzü həyata keçirir, bütün oyunlar canlı yayımlanır, təqvim nizamlanır...
Və bir zənglə, təzyiqlə Şamaxı Masazıra gəlir, "Neftçi" Mərdəkana, sonra Zirəyə köçür, "Zirə" üsyan edir...
Təqvim alt-üst edildi, nə baş verdi, "Sabah" zəif rəqib üzərində mərhələ keçdi? "Qarabağ" min kilometrlərlə uzaqda, Avro/Afrikanın ətəyində daha bərbad süni örtükdə oynamadı? Onların futbolçuları insan deyil, yorulmurlar?! Tıxac vaxtı Masazırdan Bakıya 2-3, Şirvan paytaxtına 1,5 saatlıq yoldur. İndi də Renduloviçin nağıllarına qulaq asılır.
Keçmiş qaldı dünəndə, təəssüf ki, yeni AFFA rəhbərliyi bunları edir. İlk addım zəncirvari dalğanı şərtləndirir, indi hamı təqvim dəyişikliyini tələb edir. "Klubların istəyi, qarşılıqlı razılaşması" təfəkkürü birdəfəlik kənara qoyulmalıdır. PFL/AFFA-dakılar sonuncu yer məsələsində necə qətiyyət göstərmişdilərsə, təqvim sistemində də eyni mövqe olmalıydı.
Fədakar rəsmilər nə etsinlər? Mənasız fakt qarşısında qoyulur insanlar, edilməsə, "məğlubiyyətə" günahkar onlar görünəcək. İmkan verin insanlar işləsin. Təqvimin fəsadları çempionatın gedişində hələ özünü göstərəcək. Faktiki, dolayı idman prinsipi pozulub artıq...
Hamı "ağlayır"... Bir-iki komandadan başqa bütün klubların büdcəsi yerindədir. Üzdə görünən, gözə soxulan 3 milyon dövlət yardımı arxasında gizlənilməsin. Sponsorlar kifayət qədər vəsait xərcləyir, dotasiyanın üzərinə minimum bir o qədər pul əlavə edilir...
Azərbaycan şərtləri üçün kifayət qədər məbləğdir. Varlı klublardan isə danışmağa dəyməz. Kimlər inanmırsa, şəffaflığa uyğun AFFA/klublardan rəsmi sorğu istənilsin.
Dövlət yardımı rəsmi olaraq açıqlanırsa, bütün klubların ümumi büdcəsi kağız üzərində deyil, rəsmi olaraq ictimaiyyətə detallı çatdırılmalıdır.
Heyət, futbolçu yoxdur? Niyə yoxdur? Premyer Liqada təmsil olunan hər klubun heyətdə oynadıla biləcək 70-dən (!) yuxarı futbolçusu var - əsas/əvəzedicilər/U-19. 16-17 yaşlı (!) futbolçu İspaniya millisini çempionluğa daşıyır, onların futbolçuları yoxdur oynatmağa, uşağa möhtac qalıblar? Nə vaxt şans qazanacaq gənclər, yeniyetmələr? Keyfiyyət yoxdur? Bunun günahı kimdədir? Ölkə futbolunda niyə bu qədər keyfiyyətsiz məhsul/futbolçu "hazırlanır"?! Bunlar davamlı olaraq müzakirə mövzusu olmalıdır. Bunun əvəzinə günəşli, qızmar havalar gündəmə çevrilir.
AFFA gec də olsa, İnkişaf Strategiyasının hazırlanması ilə bağlı təklifləri araşdırır. Bunlar ictimailəşməlidir, hansı federasiyalar, qurumlar, klublar fikirlərini bildirib, bunları hansı səviyyədə edib və ümumiyyətlə edibmi?! Bu məsələlər gündəmi zəbt etməli, ciddi müzakirələr aparılmalıdır. Bu da maliyyə deyil ki, gizlədilsin, ictimailəşdirilməsin. Günəş milyard illərdi yanır, alovlanır, Yer kürəsi də ətrafında fırlanır. Ölkə futbolunun ətrafında da fırlananlar yetərincədir. Azərbaycan futbolu alovlanmalıdır, dərin təhlillərlə, strateji yanaşmalarla... Gündəm "savaş"ları, təqvim oyunları ilə ciddi inkişaf mümkünsüzdür
Vaxtilə Azərbaycan 3 klubla qrup mərhələsində iştirak edib, "Qarabağ" qrupları da adlayıb, yeni hədəflər müəyyənləşdirilib. Pley-off mərhələləri ölkə futbolu üçün sıradan bir nəticələrdir və belə də olmalı, minimum vəzifə sayılmalıdır. Davamlı Avropada olmaq üçünsə öncə Azərbaycan futboluna işlək mexanizmli sistem gətirilməlidir, zənglərlə yerdəyişmələr, təxirəsalmalar "sistem"i yox!"
Tahir Süleymanov