COP29

Türkiyəli məşqçilərin Azərbaycan sərgüzəştləri – MARAQLI SİYAHI

24 Avqust 22:40 Azərbaycan Futbolu 659
Türkiyəli məşqçilərin Azərbaycan sərgüzəştləri – MARAQLI SİYAHI

"Mən Azərbaycanı başa düşə bilmirəm. Azərbaycan Milli komandası türk komandası sayılır.

Türkiyədə xeyli baş məşqçi var. Adamlar gedib milli komandaya "Beşiktaş"ın qovduğu Fernandu Santuşu gətirdilər.

O qədər yaxın olmağımıza baxmayaraq adamlar türkü gətirmirlər".

Bu fikirlər türkiyəli mütəxəssis Rza Çalımbaya məxsusdur.

Tanışmış futbol adamının Santuşla bağlı fikrinə etirazım yoxdur.

Azərbaycan futbol ictimaiyyətinin də əksəriyyəti "Beşiktaş"dan qovulan əcnəbi baş məşqçinin milli komandamıza təyinatını uğursuz addım kimi qiymətləndirir. Hər şeyi isə təbii ki, zaman göstərəcək.

Lakin Rza bəyin hər hansı türkiyəli mütəxəssisin Azərbaycan millisinə təyin olunamamasına bu qədər qəzəbli olmasını anlaya bilmədim.

Bəli, heç vaxt Azərbaycan millisinin baş məşqçisi türkiyəli mütəxəssis olmayıb.

Ancaq Azərbaycanda çalışan türkiyəli baş məşqçilərin sayı heç də az deyil.

Bir dönəm klublarımız baş məşqçi üçün qardaş ölkəyə tez-tez üz tutardı.

Əbəs deyil ki, Azərbaycan Premyer Liqasında Türkiyədə ad çıxarmış Rasim Kara, Mustafa Dənizli kimi məşqçilər çalışıb.

Özü də əksəriyyətinin fəaliyyəti klublarımızın yaxşı maliyyə imkanlarına sahib olduğu dönəmlərə təsadüf edib. Dövlət proqramının icra olunduğu 2005-2015-ci illərə.

"Qarabağ" büdcəni artıranda ilk olaraq Rasim Karanı, "Xəzər Lənkaran" pula pul demiyəndə Rasim Kara və Mustafa Dənizlini, "Bakı" ölkənin ən böyük büdcəsinə sahib olan 2-3 klubundan biri olanda Bülent Korkmazı, "Karvan" adlı-sanlı vaxtında Fuad Yamanı, "Turan Tovuz" yaxşı sponsora sahib olanda Naci Şensoyu baş məşqçi postuna gətirib.

Bundan başqa Mustafa Yılmaz ("Turan") Fatih Kavlak (“Qəbələ”), Cüneyt Biçer (“Bakı” və “Xəzər Lənkəran”), Mehmet Tayfun Türkmən (“Gənclərbirliyi”), Cevat Gülər, Güvenç Kurtar (“Rəvan”), Şenol Fidan ( “Xəzər Lənkəran”) və İbrahim Uzunca da ("Bakı") müxtəlif vaxtlarda klublarımızda baş məşqçi kimi çalışıb.

Lakin heç biri hansısa ciddi uğuru ilə futbol tariximizə düşə bilməyib.

Futbolumuza faydalı olmağı bacarmayıblar.

Bu gün həmin mütəxəssislərlə bağlı xoş heç nə yada düşmür.

Əksinə böyük büdcələri yanı üstə qoyub ölkəni tərk ediblər.

Ən yaxşı halda Azərbaycan kubokunu qazanmaqla yadda qalıblar.

Həmin titulu hazırda "Neftçi"də köməkçi məşqçi kimi çalışan Sənan Qurbanov kiçik büdcə ilə iki dəfə qazana bilib.

Türkiyəli məşqçilərin ölkəmizdəki fəaliyyəti o qədər bərbad olub ki, bu gün heç klublarımız da onlara müraciət etmir.

Belədə biz hansı əsasla milli komandamıza türkiyəli məşqçi gətirməliyik, Rza bəy?

Klublarımıza nə gün ağladınız ki, ölkənin bir nömrəli komandasına da dəvət alasınız, Rza bəy?

Məncə, AFFA-nın son illər futbolumuza verdiyi iki fayda varsa, biri türkiyəli mütəxəssislərdən uzaq durmasıdı.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti