COP29

Mahir Emrelini namərd eləməyə çalışan kimlərdir?

7 Avqust 21:00 Azərbaycan Futbolu 3 257
Mahir Emrelini namərd eləməyə çalışan kimlərdir?

"Allah "Nürnberq" azarkeşinə səbr versin".

Bu, Almaniya təmsilçisinin rəsmi səhifəsində millimizin hücumçusu Mahir Emrelin təqdim etməsindən sonra həmin posta gələn ilk şərhdir.

"Mərdi qova-qova namərd eləmək" başqa necə olur?

Emreli artıq 3 ildi ölkə sərhədlərindən kənarda çıxış edir.

Bu müddətdə 3 ölkə dəyişib.

Polşada başlayıb, Türkiyə və Xorvatiyada davam edib.

Almaniya onun üçün legioner həyatı yaşayacağı 4-cü ölkə olacaq.

Dördcə gün Avropada qalanda Azərbaycan aşı, dolması üçün darıxanlar indi Emrelini linç etməyə çalışır.

27 yaşlı hücumçu dünyaya gəldiyi rayonu təmsil edən "Zaqatala"ya, yetişdiyi "Bakı"ya, parladığı "Qarabağ"a yox, futbolun şəxsiyyət vəsiqələrindən biri hesab edilən Almaniya klubuna keçib.

Bilirəm, əksəriyyət gözləyirdi ki, vətənə qayıtsın.

"Neftçi" və ya "Qarabağ" formasını geyinsin.

Və başlasınlar daha kütləvi şəkildə linç etməyə.

Ki, Mahir də bacarmadı.

Demirəm ki, Mahir yaxşı legioner həyatı yaşamağın öhdəsindən layiqincə gələ bilib

Amma cəhdinə belə alqış düşür.

Pes etmir. Müsəlman olduğu üçün Polşada problem yaşadı, Xorvatiyada qərəzli münasibət gördü, ancaq yenə davam etməkdən vaz keçmədi.

Zədədən də az əziyyət çəkməyib.

Müasir dövrdə Mahir kimi neçə futbolçumuz var? Heç 1 əlin barmaq sayı qədər saya bilməzsiniz.

Qurban Qurbanov onu istedadını görə oynadırdı. "Legiya" və "Dinamo" da həmin istedadına görə onu heyətinə qatmışdı.

Bu gün Almaniyanın köklü "Nürnberq" klubu da onun ala qaşına, ala gözünə vurulmayıb.

O, yuxarıda adı sadalanan və kifayət qədər Avropa futbolunda yeri olan klublara öz bacarığı hesabına lazım olub.

Hər nə qədər özümüz özümüzdən olan Mahiri aşağılamağa çalışsaq belə.

Məncə, daha bəs edər.

Bayağı görünən, süni olduğu sezilən saxta tənqidləri kənara qoymaq lazımdır.

İmkan verin uşaq futbolunu oynasın.

Alqışlamağınızı da gözləmirəm. Eqonuza tərs gələr.

Amma reallıq hissinizi mütləq qorumağa çalışın.

Pafos çox olanda həyasızlığa çevrilir. Hə, bax ondan qoruyun özünüzü.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
11:20 Bir-bir…