“Bəli, indi futbolumuz yaxşı günlərini yaşamır. Bunu etiraf etmək lazımdır”.
Sportinfo.az xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov deyib.
O, ilin yekunları ilə bağlı jurnalistlərlə ənənəvi görüşündə Azərbaycan futbolunun ürəkaçan olmayan durumuna toxunub:
“Burada birgə iş olmalıdır. AFFA və ya hansısa klubları da ayrılıqda günahlandırmaq olmaz. Biz nazirlik olaraq, futbolun inkişafı üçün nə edirik?
Ötən ilin əvvəllərində “Ulduz” akademiyasını yaratdıq. Bölgələrdən perspektivli uşaqları buraya cəlb edirik. Şəraitimiz var, uşaqlar Bakı kəndlərindən birində məskunlaşıblar, eyni məktəbə gedirlər və məşq edirlər.
Aşağı yaş qruplarından ibarət liqalarımıza diqqət yetirsəniz, ilk sıralarda bu akademiyanın komandalarının qərarlaşdıqlarını görə bilərsiniz.
Lakin bu kollektivlər beynəlxalq yarışlarda böyük hesabla uduzurlar. Nəzərə alaq ki, yeni komandalardır. Düşünürəm ki, tez-tez belə turnirlərdə oynamalıdırlar”.