
Premyer Liqanın XXXI turunun “Qarabağ” – “Neftçi” oyununu (3:0) 7200 tamaşaçı izləyib.
Sportinfo.az PFL-ə istinadən xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionundakı matçda mövsümün ikinci göstəricisi qeydə alınıb.
Yalnız bu komandalar arasında XXIII turun görüşündə daha çox seyrçi olub. “Neftçi Arena”dakı “Neftçi” – “Qarabağ” qarşılaşmasını (0:1) 9355 tamaşaçı izləyib.
Maraqlıdır ki, mövsümün 3-cü göstəricisi də Azərbaycan derbisinə məxsusdur. XV turun “Neftçi Arena”dakı “Neftçi” – “Qarabağ” (0:3) oyununda 7069 tamaşaçı olub.
Seyrçi sayında 4-cü nəticə IX turun “Sumqayıt” – “Qarabağ” matçına (0:1) məxsusdur. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionundakı görüşdə 7000 izləyici qeydə alınıb.