"Qarabağ"ın ulduzlarını həm sevindirəcək, həm üzəcək XƏBƏR

14:00 Azarkeş 688
"Qarabağ"ın ulduzlarını həm sevindirəcək, həm üzəcək XƏBƏR

Azərbaycan Premyer Liqasında ən böyük çatışmazlıqlardan biri də oyunlar zamanı stadionlarda azarkeş sayının az olmasıdır.

Amma bu baxımdan istisna edəcəyimiz və ölkə futbolunda xüsusi çəkisi olan şəhərlər də yox deyil. Məsələn, Sumqayıt kimi.

Buranı təmsil edən klublar hər zaman arxasında böyük azarkeş ordusunun gücünü hiss edib.

Xüsusilə "Qarabağ" və "Neftçi" kimi iddialı klublar Sumqayıtda qonaq olanda tribunalarda bəzən boş yer tapmaq olmur.

Təbii ki, mənzərədən bütün futbol ictimaiyyəti məmnun qalır.

25-ci turun ilk oyun günündə "Qarabağ"ın Sumqayıt səfərində olması, bizdə növbəti ajiotajlı matç izləmək həvəsi yaratmış oldu.

Amma klubdan qarşılaşmaya olan marağı öyrənincə artan həvəsimizə peşmanlıq çökdü.

Belə ki, bir neçə gün əvvəldən biletlərin satışa çıxmasına baxmayaraq, "Sumqayıt" - "Qarabağ" görüşünə heç 2000 bilet satılmayıb.

Adətən "köhlən atlar"ın ölkənin ikinci ən böyük şəhərinə gəlişi toy-bayram olur.

Məsələn, bu mövsüm Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən ilk görüşdə tribunalara 7000 azarkeş cəm olmuşdu. Hətta bu rəqəm "Neftçi" - "Qarabağ" qarşılaşmasına kimi mövsümün rekordu hesab edilirdi.

"Gənclik şəhəri" təmsilçisinin 1:0 hesablı qələbəsi ilə bitən matçda isə say 10000-ə yaxın olmuşdu. Bunun ötən mövsümün rekordu olduğunu da xatırladaq.

Adətən kütləvi axını rəqibin adına bağlayanlar çox olur.

Tamaşaçıların yerli komandadan çox, rəqibin heyətindəki usta adlara görə arenanın yolunu tutduğu iddia olunur.

Amma hazırkı ana olan vəziyyət göstərir ki, "Sumqayıt" özü uğurlu çıxış etmir, yaxşı nəticəyə ümid vermirsə, hətta rəqibin "Qarabağ" olmasının belə ciddi əhəmiyyəti yoxdur.

Boş tribunalar qarşısında oynamağa alışan "Qarabağ"ın ulduz futbolçuları ümidini Sumqayıt kimi futbolla yaşayan şəhərdə böyük azarkeş ordusu önündə meydana çıxmağa bağlayır.

Bu da belə...

Qarşıda hələ bir neçə saat vaxt var.

Ümid edək ki, sumqayıtlı futbolsevərlər bizi təəccübləndirəcək.

Oyun saatında kassalar önündə aktivlik, tribunalarda böyük azarkeş izdihamı yaşanacaq.

Buna xoş günlər keçirməyən "Sumqayıt"la bərabər, Azərbaycan futbolunun ehtiyacı var.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti