"Kəpəz" Premyer Liqada növbəti məğlubiyyətini "Araz Naxçıvan"dan aldı - 0:2.
Qərb təmsilçisinin azarkeşləri isə yenilgiyə sərt reaksiya verməklə yadda qaldı.
Futbolçuları yanına çağıran fanatlar onları məğlubiyyətə görə kəskin tənqid etdilər.
Ən pis hava şərtlərində komandasını dəstəkləmək üçün arenanın yolunu tutan tərəfdarların lazım gələrsə oyunçulardan hesabat tələb etməsi normaldı.
Bu, dünyanın hər yerində belədi.
Amma lazım gələndə, daha yerli-yersiz yox.
Əgər "Kəpəz" Premyer Liqada qalmaq uğurunda mübarizə apardığı rəqiblərdən birinə asanlıqla təslim olsaydı, azarkeşlərin iradını da tam olaraq haqlı hesab etmək olardı.
Amma "Araz Naxçıvan"a məğlubiyyətə görə futbolçuları məhşər ayağına çəkmək nəyin nəsidir?
Reallıq hissini bu qədər itirmək olmaz axı.
Muxtar respublika təmsilçisi bu gün "Qarabağ"la birgə bir və ikinci pillələrdə var-gəl edir.
Heyətində 20 min dollar maaş alan əcnəbilər yer alır.
Hər oyun qələbəyə görə yüksək mükafat verilir.
Keyfiyyət və büdcə baxımından "Kəpəz" rəqibindən bir yox, bir neçə dəfə geri qalır.
Hədəflər arasında böyük uçurum var.
Hə, demirəm ki, rəqib səndən güclüdürsə, meydana çıxıb məğlub olmalısan.
Təbii ki, mübarizə aparmaq, geyindiyin formanın haqqını vermək lazımdır.
Amma istəklə hər oyunun nəticəsi həll olunmur da.
Ona görə də belə məğlubiyyətlər yaşananda buna normal reaksiya verilməsi vacibdir.
Yersiz müdaxilə futbolçularda da əlavə gərginlik yaradır. Məsələn, Yeqor Xvalkoda olduğu kimi.
Gəncəli azarkeşlər söyüşləri ilə kollektivin ən intizamlı futbolçusunu, həm də kapitanını özündən çıxmağa vadar etmiş oldu. Belə psixoloji durumda Xvalko "Kəpəz"ə hansısa fayda verə bilər? Əlbəttə, yox.
Gərək növbəti turlar bölgə klubunun azarkeşləri bu kimi məqamları nəzərə alsınlar.
Belə həssas dönəmdə komandaya zərər vurmaq istəmirlərsə.
XANOĞLAN İMANOV