Koronavirus pandemiyası səbəbindən AVRO-2020-nin bir il sonraya keçirilməsi millilərlə yanaşı, azarkeşlərə də təsir edib.
Sevimli komandalarının oyunlarını izləmək üçün bilet alan fanatlar onları bir-bir qaytarmağa başlayıblar.
Qrup mərhələsində Türkiyə və İsveçrə ilə Bakıda, İtaliya ilə Romada qarşılaşacaq Uelsin fanatları da təyyarə və oyun biletlərini geri qaytarırlar. Ancaq onların bəziləri bunda müəyyən problemlərlə üzləşib.
Bu səbəbdən də Bakı və Romadakı qarşılaşmalar üçün alınan biletlərin əvəzinə pullarını almaq üçün yerli hökumətdən kömək istəyiblər. Məsələ ilə bağlı bəyanat yayan Uels hökuməti vəziyyəti “görülməmiş hadisə” kimi dəyərləndirib və hər kəsin pulunu alacağını açıqlayıb.
Sportinfo.az xəbər verir ki, AVRO-2021 11 iyun – 11 iyul 2021-ci il tarixində keçiriləcək. Bleynada yaşayan və kimya mühəndisi olan Ris Uilyams dostu Blenau Qventlə birlikdə Bakıda Türkiyə və İsveçrə ilə qarşılaşamaları izləmək istəyib.
Hər biri uçuşlar üçün 600 funt sterlinq ödəyib. Uilyams yanvarda təqvim açıqlanan kimi uçuşları və oteli sifariş etdiyini bildirib: "Xərcləri azaltmaq məqsədilə Bakıya getmək üçün bir qədər az maliyyətli uçuş marşrutu götürdük.
Beləliklə, həftə ərzində geri dönüş üçün üç fərqli reys rezervasiya etdik. 11 iyundakı səyahətimiz hələ də plandadır və Qatvik hava limanından yola düşməli idik. Ancaq hökumətin qaydalarına görə oraya getsəm, cərimələnə bilərəm".
Uilyams AVRO-2020-nin bu il olmayacağını hamının bildiyini deyib: "Bizə lazım olan şey insanlara fərqli aviaşirkətlərlə qarşılaşdıqları problemləri həll etməkdə köməklik göstərməkdir.
Hökumətin qanun baxımından başqa yerlərdəki nazirlərlə və aviaşirkətlərlə danışmaq imkanı var. Hamınız millinin arxasında durmaq istəyirik və komandamızın yaxşı olduğunu görmək niyyətindəyik. Düşünürəm ki, azarkeşlərə də qayğı göstərmək lazımdır".