UEFA koronavirus şəraitində Avropa çempionatının təşkili üçün səhiyyə üzrə tibb məsləhətçisi eksperti təyin edib.
Sportinfo.az xəbər verir ki, həmin şəxs İsveçrə Federal Səhiyyə İdarəsinin İnfeksion Xəstəliklər Departamentinin rəhbəri Daniel Koxdur. Kox Avropa futbol qurumuna və 12 təşkilatçı şəhərə tibbi dəstək verməlidir.
Məqsəd tamaşaçı sayını maksimum artırmaqla bərabər sağlamlıq üçün riskləri minimallaşdırmaqdır.
İsveçrəli doktor Sierra Leone, Uqanda, CAR və Peruda Beynəlxalq Qırmızı Xaç Komitəsinin tibbi koordinatoru kimi çalışıb. Vətənində isə Kox 2002-2003-cü illərdə atipik pnevmaniya ilə mübarizə üzrə qrupa rəhbərlik edib.
"AVRO-2020-ni bütün iştirakçılar və ümidvaram ki, daha çox azarkeş üçün təhlükəsiz etməkdən ötrü bütün tərəfdaşlarımızla sıx əməkdaşlıq nəticəsində ən yaxşı qərarı tapacağımıza optimistcəsinə köklənmişəm", - o vurğulayıb.
2020-ci ildə keçirilməli olan Avropa çempionatı koronavirus pandemiyası üzündən bu il 11 iyun - 11 iyula təxirə salınıb. AVRO-2020-yə Bakı, Sankt-Peterburq, London, Münhen, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdam şəhərləri ev sahibliyi etməlidir.
Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.