“Olimpiakos”un hücumçusu Ayyub El Kaabi Avropa Liqasının Liqa mərhələsində “Qarabağ”la keçirilən oyunu dəyərləndirib.
Sportinfo.az xəbər verir ki, Mərakeş millisinin üzvü vacib qalibiyyət əldə etdiklərini söyləyib.
Qarşılaşmada 2 qola imza atan 31 yaşlı forvard turnirin qalibi olmaq istədiklərini sözlərinə əlavə edib:
“Vacib qələbə qazandıq və bunun sayəsində 1/8 finala yüksəldik. Biz mərhələ-mərhələ baxırıq və yalnız qarşıdakı matça köklənirik.
“Olimpiakos”un zəngin tarixi var. Möhtəşəm azarkeşlərə sahibik.
Bu komanda ötən mövsüm Konfrans Liqasının qalibi olub. Bu dəfə isə hədəfimiz Avropa Liqasını qazanmaqdır”.
Pireydə keçirilən oyunda “Olimpiakos” “Qarabağ”ı 3:0 hesabı ilə məğlub edib. 31 yaşlı mərakeşli hücumçu isə dubl sayəsində qollarının sayını 7-yə çatdırıb və qrup mərhələsinin bombardiri olub.