COP29

“Mənim sözümlə oturub-duran yoxdur” - Millimizin baş məşqçisi postuna yeni iddiaçı var

10 İyun 09:20 Atıcılıq 2 955
“Mənim sözümlə oturub-duran yoxdur” - Millimizin baş məşqçisi postuna yeni iddiaçı var

Türkiyəli tanınmış mütəxəssis Əmrə Bələzoğlu Azərbaycan millisinin baş məşqçisi ola bilər.

Sportinfo.az xəbər verir ki, bu barədə Türkiyə Telegram kanalları məlumat yayıb.

Bildirilib ki, AFFA 44 yaşlı məşqçi ilə danışıqlar aparır. Razılıq əldə olunarsa, o, yığmanın yeni baş məşqçisi olacaq.

Əmrə Bələzoğlunun son iş yeri başa çatan mövsümü 17-ci yeri tutaraq Superliqa ilə vidalaşan “Ankaragücü” olub.

Futbolla yaxından maraqlanan, deputat Aqil Abbas milliyə azərbaycanlının baş məşqçi təyin edilməsini daha doğru sayır:

“Yerli məşqçi millinin başına gətirilməlidir. Türkiyə bizə çox yaxın qardaş ölkədir. Amma istənilən halda mentalitetimizdə fərqlər var. Əmrə Bələzoğlunu futbolçu kimi çox izləmişəm. Yaxşı futbolçu idi. Amma məndən olsa, azərbaycanlını baş məşqçi qoyardım”.

Deputat namizədlərini də açıqladı: “Tərlan Əhmədovu çox istərdim. Rəşad Sadıqovu istərəm, amma o, bilirsiniz ki, "Zirə"nin baş məşqçisidir. Bu klubu güc-bəla ilə ərsəyə gətirib, güclü komanda qurub, Avropa oyunlarına qatılıblar. Bu arada deyim ki, “Qarabağ”la keçirilən kubokun final oyununda möhtəşəm oynadılar. Sanki “Mançester City” ilə “Mançester Yunayted” oynayırdı. Söhbət orada uduzmaqdan getmir. Futbol qalib gəldi. Azarkeşlər möhtəşəm idi. İndi Türkiyədə birinci liqadan aşağı düşmək təkcə Əmrəlik deyil. Amma istənilən halda istərdim ki, Tərlan Əhmədov, Samir Abbasov, Ayxan Abbasov və digərləri olsun. Təbii ki, mənim sözümlə oturub-duran yoxdur. Təəssüflər olsun ki, Əmrə gətirilməsə belə, yenə də Avropadan Foqts kimi birini gətirəcəklər".

Tanınmış idman yazarı Natiq Muxtarlı deyir ki, Azərbaycan millisinin baş məşqçisi məsələsində manipulyasiya olundu: “Belə görünür ki, Azərbaycan yığmasının baş məşqçi postu kimlər üçünsə "yağlı tikə"dir. Və bu “yağlı tikə”ni udmaq istəyən xeyli şəxs var. Artıq neçənci türk məşqçidir ki, Azərbaycan yığmasının baş məşqçi postuna namizəd göstərilir. Türkiyədə hansı məşqçi işini itirirsə, uğursuzluğa düçar olursa, dərhal Azərbaycan yığmasına “namizəd” olur. Deməli, kimlərsə bu məsələ ətrafında manipulyasiya edirlər. Bunun bir günahkarı da AFFA rəhbərliyidir. AFFA rəhbərliyi heç bir perspektivi olmayan yığmanın baş məşqçisinin təyinatını acı bağırsaq kimi uzadır. Maraqlıdır, bunda onların məqsədi nədir? Görünür, AFFA-da da elə şəxslər var ki, bu manipulyasiyaya dəstək verirlər.

Azərbaycan yığmasının heç bir perspektivi yoxdur. Bu yığma yerli məşqçiyə tapşırılmalı və məsələ bağlanmalıdır. AFFA tezliklə ölkədə futbolun inkişafı ilə bağlı nəhəng layihəyə başlamalıdır. Millinin baş məşqçisi məsələsi bu işin ən son mərhələsidir. Əvvəlcə infrastruktur qurmalı, uşaq futbolunun inkişafı təmin edilməli, futbolçu yetişdirilməli, sonra isə yığmaya baş məşqçi axtarılmalıdır. Ancaq iş görmək istəməyən AFFA rəhbərliyi millinin baş məşqçisi məsələsi ətrafında oyun oynayır. Bu oyunların sonu isə uğursuzluq, biabırçılıqdır" (musavat.com).

Digər Xəbərlər
Xəbər Lenti