1-12 may tarixləri arasında ölkəmiz atıcılıq üzrə “Dünya Kuboku 2024”ə ev sahibliyi edəcək.
Bakı Atıcılıq Mərkəzində təşkil olunacaq stend və güllə atıcılığı üzrə yarışda 84 ölkədən 700 atlet iştirak edəcək.
Azərbaycan bu mübarizədə 43 atıcı ilə təmsil olunacaq.
Dünya Kubokunun startı ilə bağlı Bakı Atıcılıq Mərkəzində media mənsubları üçün mətbuat konfransı baş tutub.
Konfransda Azərbaycan Atıcılıq Federasiyasının vitse-prezidenti, Olimpiya çempionu Zemfira Meftahətdinova, Azərbaycan Atıcılıq Federasiyasının baş katibi Emin Cəfərov, Beynəlxalq İdman Atıcılıq Federasiyasında Texniki Komitənin üzvü Abdulla Al Hammadi, Beynəlxalq İdman Atıcılıq Federasiyasının Tüfəng Komitəsinin sədri Deyvid Qudfelou jurnalistlərin suallarını cavablandırıb.
Konfransı giriş sözü ilə açan Emin Cəfərov Dünya Kuboku ilə bağlı məlumat verib:
“Ölkəmizdə keçirilən Dünya Kubokunda 84 ölkədən 86 federasiya, 700 idmançı, 400-ə yaxın texniki nümayəndə iştirak edir. Azərbaycan komandası 43 atıcı ilə təmsil olunacaq. Bu il gənc idmançılarımızın yüksək nəticələr qazandığını nəzərə alsaq, ümid edirəm ki, bu yarış komandamız üçün uğurlu olacaq”.
Abdulla Al Hammadi ölkəmizdə təşkil olunan yüksək səviyyəli tədbirlərə görə ölkə başçısı İlham Əliyevə öz təşəkkürünü bildirib:
“Azərbaycana gəlmək mənim üçün hər zaman xoşdur. Ölkənizdə müxtəlif növ idman yarışları yüksək səviyyədə təşkil olunub. Ümid edirəm ki, bu dəfəki Dünya Kubokundan da məmnun qalacaqsınız.
Fürsətdən istifadə edib Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, eləcə də Atıcılıq Federasiyasının prezidentinə və vitse-prezidentinə təşəkkür etmək istəyirəm. Hava Limanına endiyimiz andan yalnız xoş münasibət, qonaqpərvərlik görməkdəyik”.
Bakıya ilk dəfə səfər edən britaniyalı Deyvid Qudfelou gördüklərindən məmnun qaldığını deyib:
“Bu gün ISSF nümayəndəsi qismində burada olmaqdan məmnunam. Atletlər yarışın formatından məlumatlıdırlar, Paris-2024-ün reqlamenti ilə eynidir. İlk dəfədir Bakı Atıcılıq Mərkəzindəyəm. Olduqca məmnun qaldığımı deməliyəm. İnanıram ki, Dünya Kubokunda iştirak edən atletlərin hər biri burada mübarizə aparmaqdan zövq alacaqlar”.
Azərbaycan Atıcılıq Federasiyasının və Milli Olimpiya Komitəsinin vitse-prezidenti Zemfira Meftahətdinova yarış iştirakçılarını salamlayaraq onlara uğurlar arzulayıb:
“Ölkəmizə təşrif buyuran idmançılara, nümayəndələrə və bütün qonaqlara “xoş gəlmişsiniz” deyirəm. Son vaxtlar atıcılarımız öz nəticələri ilə bizləri sevindirirlər. Fürsətdən istifadə edib həm azərbaycanlı, həm də digər dövlətlərdən olan atletlərə uğurlar arzulayıram. Güclü qalib gəlsin”.
HƏBİB / SPORTİNFO.AZ