Bakıda keçirilən atıcılıq üzrə “Dünya Kuboku 2024” başa çatıb.
Turnirin son günündə kişilər və qadınlar arasında tüfəngdən 50 metr məsafəyə 3 mövqedən atəş açma növündə final görüşləri keçirilib.
Qadınların yarışında qalib adı uğrunda mübarizədə İngiltərə və Çin atletləri üz-üzə gəlib.
Böyük Britaniyanı təmsil edən Şona Makintoş son atışlarda dəqiqlik nümayiş etdirərək qızıl medala sahib olub. Çinli Siyu Xia gümüş, Almaniyadan olan Anna Yanssen bürünc medalın sevincini yaşayıb.
Eyni növdə kişilərin final yarışında qalib adını aşkar üstünlüyə malik olan Yukun Liu qazanıb. Həlledici mərhələdə dünya idman tarixində nadir hallarda baş verən hadisə yaşanıb.
Yukun Liu mayın 9-da məhz bu Dünya Kubokunda müəyyənləşdirdiyi rekordu (467.3) təzələyərək 468.9 xalla qızıl medala sahib olub.
Avstriya təmsilçisi Aleksander Şmirl gümüş, çexiyalı Jiri Privratski bürünc medalla kifayətlənib.
HƏBİB / SPORTİNFO.AZ