COP29

Bakıda paylanan medallar hansı qitəyə “axır”? - FOTOLAR

7 May 23:00 Atıcılıq 481
Bakıda paylanan medallar hansı qitəyə “axır”? - FOTOLAR

Bakıda keçirilən atıcılıq üzrə “Dünya Kuboku 2024”də kişilərin və qadınların pnevmatik tüfəngdən 10 metr məsafəyə atəş açma növündə final mərhələsinə yekun vurulub.

Sözügedən növdə asiyalı atletlər digər qitələrdən olan rəqiblərinə aman verməyiblər.

Bütün medallar Çin və Koreyadan olan atıcıların aktivinə yazılıb.

Kişilərin mübarizəsində Tokyo-2020 Olimpiadasının gümüş mükafatçısı Lihao Sheng rəqiblərini üstələyib.

19 yaşlı atlet 251.8 xalla hamını qabaqlayaraq aktivinə növbəti “qızıl”ı yazıb. Gümüş medala da Çindən olan atlet sahib olub.

Linshu Du 251.4 xalla ikinci yeri tutub. Koreyanı təmsil edən Hajun Park bürünc medalla kifayətlənib.

Eyni növdə qadınların yarışında 2022-ci ildə Bakıda komanda növündə “qızıl” əldə etmiş koreyalı Jihyeon Keum 253.4 xalla qızıl medalın sevincini yaşayıb.

252.3 xal yığan çinlı atıcı Zifei Wang gümüş medal alıb. Wangın həmyerlisi Jiayu Han aktivinə bürünc medal yazıb (231.1 xal).

Mükafatlandırma mərasimindən sonra Jihyeon Keum fikirlərini dilə gətirib:

“Qızıl medal qazandığıma görə hədsiz sevincliyəm. Sona yaxın rəqiblərimin hər ikisi Çindən olsalar da, mən onları düşünmürdüm. Bütün diqqətimi atış meydanına yönəltmişdim.

Bu gün medalları Koreya və Çin atıcıları qazandı. Bunun başlıca səbəbi təlimlər və yarışlar zamanı diqqətimizi atış nöqtəsinə lazımınca kökləməyimizlə bağlıdır.

Koreyadakı məşqlərdə zallarda eyni buradakı mənzərə yaradılır ki, özümüzü rəsmi yarışlarda hiss edirik. Bunun da müəyyən rolu var”.

24 yaşlı atlet ölkəmizdə gördüklərindən məmnunluğunu gizlətməyib:

“Üçüncü dəfədir Bakıdayam. Səmimi deyirəm, Bakı indiyə qədər səfər etdiyim şəhərlərin arasında ən yaxşılardandır.

Bakı Atıcılıq Mərkəzi də mənim üçün rahatdır. Mərkəz çox yaxşı inşa olunub, bütün detallar nəzərə alınıb”.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti