Atıcılıq üzrə dünya çempionatında gümüş medal qazanan komandamızın mükafatlandırılmasından sonra gənclər və idman naziri Fərid Qayıbov yarışla bağlı fikirlərini bölüşüb.
Sportinfo.az xəbər verir ki, F.Qayıbov yüksək səviyyədə təşkilatçılığa görə Azərbaycan Atıcılıq Federasiyasını təbrik edib:
“Beynəlxalq federasiyaların, qitə qurumlarının, başqa ölkələrin nümayəndələrinin hər biri dünya çempionatının yüksək səviyyədə təşkil edildiyini deyirlər. Bu da göz önündədir”.
Yığmanın çıxışını dəyərləndirən nazir bu nailiyyətin davamının gələcəyinə inanır:
“Təbii ki, hamımız medal gözləyirdik. Nəhayət ki, oldu. Yarış davam edir, idmançılarımız yenə çıxış edəcəklər. İnanıram ki, onlar sona kimi mübarizə aparıb, medallarımızın sayını artıracaqlar”.
25 metr məsafəyə tapançadan standart atəşaçmada gümüş medala yiyələnən komandamızın heyətində Zeynəb Sultanova, Nigar Nəsirova və Nərminə Səmədova yer alıb.
Bu növdə 1-ci yeri Çin təmsilçiləri tutublar. Bürünc medalları isə Hindistan kollektivi qazanıb.