“Azərbaycan bu məsələdə bizimlə çox gözəl əməkdaşlıq edir”
Sportinfo.az xəbər verir ki, bunu Bakıda keçirilən atıcılıq üzrə dünya çempionatında tapança və tüfəngdən atəş açma növü üzrə texniki nümayəndə Yadranka Strukiç deyib.
Xorvatiyalı mütəxəssis mundialın gündəliyi haqda məlumat verib:
“Ümumi götürsək, yarış yaxşı keçir. Ciddi problemin olduğunu deyə bilmərəm. Hər bir turnirdə olduğu kimi, bu dünya çempionatında da texniki məsələlər var.
Biz onların həlli üçün çalışırıq. Bu məsələləri məşqlər və final öncəsi atışlar zamanı həll edirik.
Hazırda heç bir problem və ya diqqətçəkən məsələ yoxdur. Hər şey öz axarında davam edir. İlk gündə gərginlik və təzyiq var idi. Bu da normal haldır”.
Yadranka Strukiç dünya çempionatının, həmçinin, Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazandırdığını söyləyib:
“Ona görə də idmançıların hər birində xüsusi istək var. İlk medallar və lisenziyalardan sonra idmançılar, məşqçilər gördülər ki, burada hər şey ədalətlidir.
Verilən qərarlarda heç bir problem yoxdur. Bundan sonra jüri və hakim heyətinə inam artdı, rahatlıq yarandı.
Ciddi bir şikayət yoxdur. Ola bilər ki, kimsə hardasa kiçik narazılıq edər, fikir bildirər. Amma heç bir rəsmi etiraz və ya apellyasiya olmayıb”.
Xorvatiyalı texniki nümayəndə dopinq komitəsinə də təşəkkür edib:
“Azərbaycan bu məsələdə bizimlə çox gözəl əməkdaşlıq edir. Dopinq komandası çox mükəmməl şəkildə işləyir. Heç bir problemlə qarşılaşmamışıq. Amma başqa yarışlarda bu baxımdan sıxıntılarımız olur. Ya idmançılarda dopinq çıxır, ya da müvafiq komitənin fəaliyyətində problemlər yaranır. Bəzən dopinq komandasını dəyişmək məcburiyyətində qalırıq. Burada isə hər şey əladır. Ümumilikdə problemlər çox azdır. Stend yarışları üzrə atəş açmada küləklə bağlı çətinlik olmuşdu. Amma bu, bizim səlahiyyətimizdə olan məsələ deyil. Belə nüansları çıxsaq, hər şey əladır”.
Yadranka Strukiç texniki məsələlərə də toxunub: “Tüfəng və ya tapança ilə bağlı problem aşkarlanan zaman müvafiq qaydalara uyğun addımlar atılır. Məşq və ya təlimlər zamanı nəsə aşkarlanarsa, onlara problemin həll edilməsiylə bağlı vaxt verilir. Yarış zamanı belə hal aşkarlananda isə jurilər hadisəyə müdaxilə edir. Məsələ qaydalar çərçivəsində həll olunur. Ədalət prinsipləri qorunur. Problem təkcə silahlarla bağlı olmur. Hədəflər və kompüterlər də yoxlanılır. Elektronik avadanlıqlarda hər an problemlər yarana bilər. Bu, normadır. Bütün yarışlarda belə hallar olur. Çalışırıq ki, problem olmasın. Hər şey idmançılar üçün ədalətli olsun”.