Elmar Baxşıyev iyuldan bəri iynə üstündə oturmuş kimidir.
Hər həftəsonu gələndə, onu narahatlıq bürüyür - görəsən, bu axşam məni istefaya yollamayacaqlar ki..?
… Naxçıvan Futbol Federasiyasının prezidenti Zaur Axundov iyulda belə bir açıqlama vermişdi. Ki, Elmar Baxşıyevə 2 aylıq zaman tanıyıb, nəticələr ovaxtadək yaxşı olmasa, yollar ayrılacaq.
İki ay 8-9 oyun deməkdir. «Araz-Naxçıvan»da işləyən məşqçi üçün iki ay böyük müddət deməkdir.
Bir igidin ömrünə bərabərdir. Ona görə də Axundovun sözlərini qəribsəmək lazım deyil.
Rəhbərdir, pul verir, əvəzində nəticə istəyir. O da belədir, xoşun gəlmir, çıx, get.
Artıq ilk dövrənin sonuna yaxınlaşırıq. Baxşıyevi postda saxlaya biləcək yeganə qüvvə qələbə hesabıdır.
Bu gün onu gözəl oyun, falan-filan maraqlandırmır. Vəziyyətlə barışmış kimidir. Necə deyərlər, 3 xal mənim olsun, qalanı ilə işim yox.
«Araz-Naxçıvan» ev oyunlarını Mərdəkanda keçirir. Bu meydançaya baxanın Allah bəlasını verməsin!
Çox bərbad haldadır. Vaxtilə «Narzan» Gədəbəydə bundan yaxşı qazonda futbol oynayırdı.
Mərdəkanda o sahəyə ayaq basan futbolçulara, kənarda dayanıb ürəyi tir-tir əsən məşqçilərə də yazığım gəlir.
Belə məkanda ancaq bəxtini sıxmalısan, sınamaqla olmaz.
Tanrının hələlik Elmar Baxşıyevə yazığı gəlir…
MUSA