
“Həftəiçi “Qarabağ” kimi rəqiblə kubok oyunu keçirmişdik.
Müəyyən mənada yorğunluq var idi”.
“Araz-Naxçıvan”ın mətbuatdan uzaq gəzən futbolçusu Nunu Rodriges Sportinfo.az-a açıqlamasında “Səbail”lə matçı şərh edib.
Bazar günü “ASCO Arena”da baş tutan qarşılaşmada Naxçıvan təmsilçisi hesabı açsa da, meydan sahibləri fasilədən sonra bərabərlik topunu vurmağı bacardı.
Yaradılan qol imkanlarına nəzər salsaq, “dənizçilər” qələbəyə daha yaxın idi. Lakin komandalar paltardəyişmə otağına 1:1 hesablı bərabərliklə yollandı.
Portuqaliyalı yarımmüdafiəçi hədəfə çata bilməmələrinin başlıca səbəbi kimi örtüyün süni olmasını göstərib:
“Yorğunluqdan başqa süni örtük amili də işimizi çətinləşdirirdi. Ümumiyyətlə, “sintetika”da oynamaq əksər komandalar üçün çətindir.
Həm də “Səbail”in futbolçuları bizimlə müqayisədə daha gümrah idi deyə, daha çox qaçmaq, pressinq etmək imkanları var idi.
İlk hissəni yaxşı keçirdiyimizi düşünürəm. Fasilədən sonra əvvəlki tempi qoruya bilmədik deyə, rəqib bundan istifadə etdi”.
Nuno ona ünvanlanan “Araz” 1 xal qazandı, yoxsa “Səbail” 2 xal itirdi” sualına səmimi etirafla cavab verib:
“Əlbəttə, 3 xal qazansaydıq, yaxşı olardı. Ancaq indiki vəziyyətdə 1 xalın da böyük önəmi var.
Ümid edirəm ki, bu gün çəkdiyimiz əziyyət və əldə etdiyimiz xal yekunda bizə çox kömək edəcək”.
32 turdan sonra xalların sayını 54-ə yüksəldərək üçüncü pillədə yer alan “Araz-Naxçıvan” ən yaxın izləyicisi “Turan Tovuz”u 5 xal qabaqlayır.
HƏBİB