
Sportinfo.az xəbər verir ki, Naxçıvan Futbol Federasiyasının və Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov Premyer Liqanın 32-ci turunda "Araz-Naxçıvan”ın “Səbail”lə oyunda (1:1) rəqibə qəsdən xal verdiyi barədə iddialara münasibət bildirib.
Z.Axundov hazırda “Araz-Naxçıvan”ın qeyri-rəsmi rəhbəridir.
O, "sosial şəbəkələrdə “Araz-Naxçıvan”ın “Səbail”ə qəsdən xal verdiyi barədə iddia səslənib. Həmin bu işin “vasitəçisi” kimi AFFA-nın sabiq baş katibi, hazırda FIFA-nın Üzv assosiasiyaların direktoru Elxan Məmmədovun adı çəkilir..." fikirlərinə cavab olaraq deyib:
"Elxan Məmmədov mənim dostumdur. Biz futboldan qabaq bir-birimizi tanımışıq.
Amma Elxan Məmmədov mənə desin 1 xal verin, elə edin, belə edin - bunlar cəfəngiyyatdır, uşaq söhbətidir.
Oyundan sonra paltardəyişmə otağında komandaya iradımı bildirdim. Futbolçuları da başa düşürəm, gücləri çatmadı. 45-ci, hətta deyərdim 35-ci dəqiqədən sonra “Araz-Naxçıvan” dayandı.
Bu cür söhbətlər kiməsə də yapışsa, mənə yapışmaz. Heç kim mənə o göstərişi verə bilməz.
Axırda uduza da bilərdik. “Səbail” çox gözəl futbol oynadı.
Onlar üçün də çox vacib matç idi. “Araz-Naxçıvan” arxaya çəkiləndə yanımda əyləşənlərə dedim ki, “biz buradan heç-heçə ilə getsək, böyük şeydi”.