
Hakimlərin «Araz-Naxçıvan»la ciddi bir problemi varmış kimi görünür son həftələr.
Elmar Baxşıyev bunun səbəbini bilir.
Yüzdəyüz bilir.
İşdir, baş məşqçinin bildiyi bir şey olmasaydı, hər oyundan sonra bu mövzuya toxunmaz, müəmma sanlığının sağından, solundan keçməzdi.
O, hələlik sandığın qapağını qaldırmır, içindəki gizlinləri açıb-tökmür.
Axı hara qədər?
Mövsüm sona yaxınlaşır. Premyer Liqada mövsümün qapanmasına dörd tur qalıb, sadəcə. «Araz»ın üçüncülük mücadiləsi davam edir.
Dörd tur 12 xal deməkdir. Dördüncü sıradakı «Turan Tovuz»la aradakı fərq 5 xaldır.
Elmar Baxşıyev hər dəfə hakimlərin «Araz»ı sıxmasını dilə gətirib təfərrüata varmaması təhlükəli manevrdir.
Mən ona ehtiyatın başını buraxmağı məsləhət görürəm. Sonra gec olacaq.
İş-işdən keçəcək onda. Nədən çəkinir, qoy, açıq danışsın. Bəlkə hakimlərdən kim(lər)sə ondan pul istəyib və tələb(lər)ini yerinə yetirmədiyi üçün «Araz»ı hər həftə belə incidirlər?
Hər halda bu xoşagəlməz münasibətin bir ciddi səbəbi olmalıdır da.
Elmar Baxşıyev «mənə görə…» ilə başlayan bir açıqlama verib bugünlərdə.
Bu, təsadüfən ağzından qaçırdığı bir söz deyil ha! Baxşıyevə yaxşı bələdəm, deyəcəyi sözü öncədən yüz ölçüb, bir biçər. Məşqçilər arasında diplomatiya üzrə kurs keçirilsə, o, fərqlənmə diplomu alar.
AFFA və PFL rəhbərliyi Elmar Baxşıyevi araşdırmaya cəlb etməli, danışdırmalıdır. Hüquq-mühafizə orqanları da prosesdə iştirak eləməlidir.
Əsl həqiqətin üzə çıxmasının ən qısa yolu budur.
ELXAN