
“İlk oyundakı qələbə hansısa mənada bizə kömək edə bilər.
Bu üstünlüyün davamını gətirməliyik”.
“Araz-Naxçıvan”ın forvardı Ramon Maçado “Qarabağ”la oyunla bağlı Sportinfo.az-a açıqlama verib.
Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab görüşü çərçivəsində baş tutacaq görüş “Qarabağ”lıları hücum etməyə, qol vurmağa məcbur edəcək.
Çünki Naxçıvan təmsilçisi ilk qarşılaşmada 1:0 hesablı qələbəyə sevinib.
Braziliyalı hücumçu final barədə danışarkən 2 il əvvəl yaşanan hadisəni nümunə göstərərək, inamlı açıqlamalarla ilə diqqət çəkib:
“Bu günə qədər heç bir oyuna heç-heçə etmək, yaxud qələbə qazanmaq üçün çıxmışıq. “Qarabağ”la oyunda da belə olacaq.
Bilirəm, rəqib böyük təcrübəyə sahibdir, növbəti çempionluğu demək olar təmin edib. Ancaq “Araz”dakı bəzi futbolçular kubokda “Qarabağ”ı məğlub etməyin sevincini yaşayıb.
Elmar Baxşıyev, Rasim Ramaldanov, Felipe Santos, mən, Ürfan Abbadov, Ülvi İsgəndərov – məhz bizim yer aldığımız “Qəbələ” 2 il əvvəl “Qarabağ”ı yarımfinal mübarizəsindən kənarlaşdırıb, finala yüksəlmişdik.
Bu cür oyunları sevirəm. Çünki finalda mübarizə aparıb kuboku qazanmaq ən böyük arzumdur. “Qarabağ” səddini keçmək üçün əlimizdən gələni edəcəyik. Və bunu bacaracağımıza inanıram”.
Aprelin 23-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşma saat 17:00-da start götürəcək.
HƏBİB