Bilsəydi belə olacaq, öz evini satıb, hücumçu alardı

11:05 Araz-Naxçıvan 476
Bilsəydi belə olacaq, öz evini satıb, hücumçu alardı

Mövsüm sonna yaxınlaşdıqca, Elmar Baxşıyevin üzündəki narahatlıq, alnındakı qırışların sayı daha da artmaqdadır.

Yeni ilin başında ikinci pilləni üçüncü sıraya dəyişən «Araz-Naxçıvan»ın bu yeri də itirmək təhlükəsi onun baş məşqçisinin yuxusunu ərşə çəkib.

O, təzyiq altındadır. Qış fasiləsində hücum xəttini gücləndirmədiyindən, əziyyətini bu cür çəkir.

Bax, bir transfer xətası komandanı necə aşağı çəkir!

Baxşıyev hər oyunda öz ömrünü «yeyir». Hər həftə həyatından 5-10 ili qoparıb aparır.

Dekabr-yanvar aylarında belə olacağını bilsəydi, heç şübhə eləmirəm, Bakıda yaşamadığı evlərdən birini satıb, o pula ön xətt oyunçusu alar, bu gün əlini qulağının dibinə qoyub komandasının seyrinə dalardı.

Baxşıyev «Araz»ı «Turan Tovuz»la qarşılaşmaya 1 xal üçün çıxarmışdı. Riskə getmək fikri yox idi, getmədi də.

Ehtiyatlı oynadılar, çox irəli çıxmadılar. «Turan»ın uzun ötürmələrlə müdafiənin arxasına keçmək cəhdlərindən çəkindilər.

Qorxan gözə çöp düşər. «Araz» ilk hissədə bu cür oynadı deyə, fasiləyə məğlub yollandı. İkinci yarıda isə Paro onları yenilgidən xilas etdi.

Başqa heç nə olmadı.

«Araz» turnir cədvəlindəki ən yaxın izləyicisi ilə aradakı 5 xallıq fərqi qorumaq üçün həmişəki üslubundan imtina elədi, topsuz oyunla özünü çox yordu.

ELNUR

Digər Xəbərlər
Xəbər Lenti