
Mövsümə fırtına kimi başlayan "Araz Naxçıvan" ardıcıl qələbələrlə hər kəsi təəccübləndirə bildi.
Hətta mövsümün birinci yarısında Naxçıvan təmsilçisi liderliyə yüksəldi, çempionluq mübarizəsin görüntüsü yarada bildi.
Təbii ki, qısa müddət...
Amma bu cür əla başlanğıcın davamını qış fasiləsindən sonra gətirmək mümkün olmadı.
Açığı gözlənilən idi. Kasad heyətlə mövsümə start verən Elmar Baxşıyevin komandası gedişatda zədə və cəza səbəbindən bir neçə əsas futbolçusunun xidmətindən məhrum oldu.
Nəticədə elə dövrü oldu ki, Muxtar respublika təmsilçisi 8 oyun qələbə üzünə həsrət qaldı.
İkinci pillədəki yerini "Zirə"yə təhvil verməli oldu.
Amma hələ də heç nə itirilməyib. Hazırda üçüncü sırada qərarlaşan "Araz" ən yaxın izləyicisi "Turan"dan 5 xal öndədir.
Növbəti rəqib də elə məhz bölgə klubudur.
Ümumiyyətlə, qarşıdakı bir həftənin naxçıvanlılar üçün çox böyük əhəmiyyəti var.
Ya bir ömür unutmayacaqları acı xatirəyə çevriləcək, ya da əbədi yaddaşlarına həkk edəcəkləri xoş hadisələrlə əlamətdar olacaq.
Belə ki, 19 aprel Mərdəkanda "Turan"ı qəbul edən kollektiv, cəmi 4 gün sonra Ölkə kubokunun yarımfinal mərhələsinin cavab görüşündə "Qarabağ"ın qonağı olacaq.
Həm liqada, həm də ilk oyunda qalib gəldiyi (1:0) "Qarabağ"la matçda bərabərlik də qənaətbəxş sayılacaq.
Belədə ən pis halda avrokuboklarda iştirak hüququ böyük ölçüdə rəsmiləşəcəksə, mövsümü titulla bitirmək şansları bir xeyli artırmış olacaq.
İşdi əksi olsa...
Məğlubiyyətlər yaşansa kubok dəqiq əldən çıxacaq.
Bürünc mükafatın sahibi olmaqla bağlı xəyallara ciddi zərbə dəyəcək. Toparlanması mümkün olmayacaq qədər...
XANOĞLAN İMANOV