
Premyer Liqada 30 tur arxada qalıb, 6 tur da qabaqda.
Birinci yer heç - ora «Qarabağ»ındır, «Zirə»in də sezonu ikinci bitirəcəyi şübhə doğurmur.
Cari ilin başından bəri qeyri-sabit çıxış edən «Araz-Naxçıvan» isə hazırkı - üçüncü sıradakı mövqeyini də itirə bilər.
Təhlükə kifayət qədər ciddidir və qapımı bərk döyür.
«Araz»la izləyicisi «Turan Tovuz» arasındakı xal fərqi artıq 5-ə enib və bu, Elmar Baxşıyevi narahat etməlidir.
Həmçinin düşündrməlidir. Harada səhv edib, nəyi dz etməyib…
Özünün özünə verəcəyi o qədər sual var, birini də mən soruşmaq istəyirəm - nə üçün komandanın ayağını tutur, başı gedir, başını tutur, ayağı gedir?
Məncə, o, bu sualın cavabını bilir. Amma deməyəcək. Bizi dağa-daşa salacaq, Araz çayının kənarına aparıb-gətirəcək, yenə həmin həqiqəti söyləməyəcək.
Çünki Elmar Baxşıyev yanlışını etiraf edəcək qədər özgüvəni olan məşqçi deyil.
«Araz-Naxçıvan»da problem baş məşqçinin futbolçulara inamsızlığıdır. Elmar Baxşıyev onlardan bir neçə nəfərinə şübhə ilə yanaşır.
Hətta zədə alıb müalicə keçənlərə də. Ona elə gəlir ki, meydana çıxmaqdan yayınırlar, meydana çıxanda da özlərini qoruyurlar.
Baş məşqçinin şübhəli baxışları futbolçuları əzir. Münasibətin dəyişməsini hiss edirlər və bu, təbii ki, heç kimə xoş deyil.
Nə olsun, Baxşıyev çox şeyi diliylə demir, amma bədən dili və mimikası hər şeyi deyir onlara…
ELNUR