
29-cu turda “Sumqayıt”ı 2:0 hesabı ilə məğlub edən “Araz-Naxçıvan” bu dəfə “Kəpəz”lə bacarmadı. Gərgin keçən 90 dəqiqədən qol səsi çıxmadı.
Tovuz şəhər stadionunda baç tutan görüşdə naxçıvanlılar yox, gəncəlilər qələbəyə yaxın idi.
İkinci hissədə ələ düşən 100 faizlik qol imkanlarını dəyərləndirmək mümkün olsaydı, “Araz-Naxçıvan” 1 xala da həsrət qalacaqdı.
Sportinfo.az-a açıqlama verən yarımmüdafiəçi Vadim Abdullayev xal itkisini şərh edib:
“Qarabağ”dan başqa digər komandaların səviyyəsi bir-birinə çox yaxındır, eynidir. Ona görə də bu cür nəticələr qeydə alınır.
Bəlkə də əksəriyyət bizdən qələbə gözləyirdi. Lakin gördüyünüz kimi, alınmadı.
“Kəpəz” həqiqətən ağır rəqibdir. İdidalı komandaları məğlub edib, vacib xallar alıb.
Xüsusən Tovuzda inamlı görünür. Tovuzda oyunumuz istədiyimiz kimi getmədi.
Çox çalışdıq, əziyyət çəkdik, oyun alınmadı. Səfərdə qazandığımız 1 xalın önəmi böyükdür”.
Bir gün əvvəl “Turan Tovuz”un “Sabah”ı məğlub edərək turnir cədvəlində “Araz-Naxçıvan”a yaxınlaşması mütləq ki, “Araz”ın futbolçularında müəyyən narahatlıq yaratmışdı.
Vadim özü də bunu təsdiqlədi:
“Hamının gözü turnir cədvəlindədir. Biz də baxırıq, rəqiblər də baxır.
Görəndə ki qonşu komandalar qələbə qazanıb, istər-istəməz motivasiya artır, yanaşma bir az fərqlənir. Ancaq bunun özü də ziyandır.
Bəzən nəyisə çox istəyəndə, alındıra bilmirsən, əlində olanı də itirirsən. “Turan”ın qələbəsindən sonra yüklənmişdik, məsuliyyət hissi artmışdı”.
30 turdan sonra aktivində 52 xal olan “Araz-Naxçıvan” üçüncü pillədə qərarlaşıb.
HƏBİB