
Bu gün Tovuzda maraqlı oyun baş tutacaq.
“Kəpəz” burada “Araz-Naxçıvan”ı qəbul edəcək.
Naxçıvanlılarla gəncəlilər fərqli hədəflər uğrunda mübarizə aparsalar da, qarşılaşma xüsusi gərginlik vəd edir.
“Araz” 29-cu turda “Sumqayıt”ı məğlub etməklə 8 oyunluq qələbəsizlik seriyasına son qoyubsa, “Kəpəz” səfərdə “Sabah”ı üstələyib.
Psixoloji baxımdan yüksəlişdə olan komandalar uğurun davamını gətirmək istəyir.
Sportinfo.az-a açıqlama verən “Araz”ın hücumçusu Ramon Maçado oyunla bağlı fikirlərini dilə gətirib:
“Tovuzda oynamaq həqiqətən çətindir. Tək bizim üçün deyil, digər komandalar üçün də belədir.
Lakin məqsədimiz dəyişməz qalır. Tovuza qələbə dalınca gedəcəyik və bunu əldə etmək üçün hər şey edəcəyik.
Bundan sonra xal itirmək zamanı deyil. Mümkün qədər çox xal toplamalıyıq ki, hədəfə çataq.
“Zirə”yə çatmalıyıq, “Turan Tovuz”da arxamızca gəlir.
Süni örtük, səfər oyunu, azarkeş amili – bunlar “Kəpəz”in xeyrinə işləyə bilər. Amma bu, bizi qətiyyən maraqlandırmır”.
Aprelin 13-də Tovuz şəhər stadionunda baş tutacaq oyun saat 17:00-da start götürəcək.
HƏBİB