Hər komandanın belə “qoca”sı olsa – Gəlişiylə nəfəs verdi

12 Aprel 22:20 Araz-Naxçıvan 671
Hər komandanın belə “qoca”sı olsa – Gəlişiylə nəfəs verdi

“Araz-Naxçıvan”ı görürsüz?

Çempionatın ilk yarısındakı komandanı xatırladır. Hələ ondan yaxşıdır ki, pis deyil.

Son həftələrdə formada olan, xüsusən öz meydanında inamlı təsir bağışlayan “Neftçi”ylə bərabərə qaldı (1:1).

Bir neçə gündən sonra ölkə kuboku çərçivəsində Azərbaycanda rəqib tanımayan “Qarabağ”ın önünə çıxıb yekunda 1:0 hesablı qələbəyə sevindi.

Bundan beş gün sonra Mərdəkanda “Sumqayıt”ı qəbul etdi. 2:0 hesablı qələbə ilə 8 matçlıq qalibiyyətsizlik seriyasına son qoydu. Hələ daha çox qol vura bilərdi.

Bir ara hesabdan silinən, hətta avrokuboklara vəsiqə qazanacağına şübhə ilə yanaşılan “Araz”da birdən-birə nə dəyişdi ki?

Ramon Maçado qayıtdı. Başqa heç nə dəyişmədi. Əksinə, əvvəllə müqayisədə indi zədəlilərin sayı daha çoxdur.

Deyirdik, yazırdıq, boğazımızı cırırdıq ki, Ramon Naxçıvan komandasının yarısıdır, Elmar Baxşıyevin meydanda sağ əlidir, ümid yeridir. O, olmayanda kollektiv başsız ailəni xatırladır.

Ülvi İsgəndərovla avrokuboklar uğrunda vəsiqəyə ümid etməklə “Moskviç”lə “Mercedes”ə çatmağa bel bağlamaq arasında ciddi fərq yoxdur. Ülviyə əlacsızlıqdan 5-10 dəqiqə şans verə bilərsən. Onu da yarıtsa.

Maçadonun fiziki hazırlığı, etdiyi pressinq, ikili mübarizələrdən qalib ayrılması, verdiyi ötürmələr, həlledici zərbələr, Felipe Santos və Benni ilə anlaşma səviyyəsi “Araz”a həyat verir.

Komandasının ən yaşlı futbolçusu (33 yaş) “Neftçi”ylə matçda assist etdi, “Sumqayıt”a qol vurdu. Hələ bu, zədədən təzə qayıtmış formasıdır. Tam özünə gəlsin, görün “Araz” əvvəlki kimi olacaq, ya yox.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
12 Aprel 18:10 Çək və bizə göndər!
12 Aprel 08:50 O. bu liqaya göndərildi
12 Aprel 03:30 "Mən həyəcanlanıram"