
“Araz-Naxçıvan” Premyer Liqada 8 oyunluq qələbəsizlik seriyasına son qoydu.
Sonuncu dəfə yanvarın 26-da “Neftçi”ni məğlub edən Naxçıvan təmsilçisi o vaxtdan bu yana qalib gələ bilmirdi.
Qələbənin əsas memarlarından biri Ramon Maçado oldu. Uzun müddətli zədədən sonra yaşıl meydanlara qayıdan braziliyalı forvard təxminən 3 aydan sonra qol vurdu.
Sportinfo.az-a açıqlama verən Maçado sualları cavablandırıb.
- Ağır zədədən sonra tam özünə gəldiyini demək olar?
- Açığı, “Neftçi”ylə oyunda ağrılar hiss edirdim. 90 dəqiqə meydanda oldum, qolun ötürməsini verdim, ancaq vəziyyətim yaxşı deyildi. “Qarabağ”la kubok görüşündə də oyuna sonradan qoşuldum. Lakin bu gün ağrı-filan yox idi, tam gücümlə oynadım. Təbii ki, xoşbəxtəm.
- Penaltidən bir neçə dəqiqə əvvəl hesabı açsan da, hakim ləğv etdi. Nə baş vermişdi?
- Orada nə baş verdiyini hələ də anlaya bilmirəm. Epizod ofsayd idisə, penaltimiz niyə verilmədi? Belə hallarla çox rastlaşırıq. Önəmli olan matçı qalibiyyətlə başa vurmağımızdır. Tilsimi qırmaq üçün bu qələbə bizə çox lazım idi.
- Felipe Santos bombardirlər sırasında yer alıb deyə, penalti zamanı “nöqtə”yə onun yaxınlaşacağını gözləyirdik. Özün vurmaq istədin, yoxsa Felipe səni qabağa verdi?
- (gülür) Penaltiləri növbə ilə vururuq. Bir dəfə mən, bir dəfə Felipe. Neçə vaxtdır oynamırdım deyə, hamısını Felipe vurmuşdu. Hakim qərar verəndə yaxınlaşıb topu mənə uzatdı ki, al, vur. Aramızda 3 illik dostluq var, qardaş kimiyik. Yəqin ki, zədədən sonra dəstək olmaq üçün belə etdi.
“- Araz” Premyer Liqada sonuncu qələbəni sən meydanda olduğun, həm də qol vurduğun oyunda qazanmışdı. Növbəti 3 xal üçün sanki sənin qayıtmağın vacib idi.
- Kənarda qaldığım vaxtlarda özümü çox pis hiss edirdim. Keçirdiyim hisləri sözlə ifadə etmək mümkün deyil. Bəzən tribunada olurdum, bəzən evdə televizorun qarşısında. Həmişə də “Araz”ın qalib gəlməsini arzulayırdım. Heyətimiz elədir ki, eyni xüsusiyyətə malik futbolçularımız yoxdur. Hər bir futbolçunun yoxluğu komandaya ziyan vurur. Mən qayıtmışam, indi də Əyyub Allaş, İosuf Paro, Bəxtiyar Həsənalızadə, Miço Kuzmanoviç, Mustafa Əhmədzadə, Sezar Meza Kolli zədədən əziyyət çəkir. Belə olan oyun intizamını qorumaq çətinləşir, məşqçilər üçün rotasiya imkanı azalır.
- Bir şey var ki, “Turan Tovuz” üçüncü pilləni sizdən almaq istəyir.
- Yenə deyirəm, hər şey özümüzdən asılıdır. Qələbələr qazana bilməsək, təbii ki, geri qalacağıq. Ancaq hər oyundan 3 xalla ayrılsaq, bizi nə “Zirə” maraqlandıracaq, nə “Turan”, nə də “Sabah”.
- Minimum və maksimum hədəf nədən ibarətdir?
- Minimum indiki mövqeyimizi – üçüncü yeri qorumaq, maksimum gümüş medallara sahib olmaq. Ölkə kubokunun finalına yüksəlmək də minimum vəzifədir.
HƏBİB