
«Araz-Naxçıvan» uzun aradan sonra qələbə sevinci yaşadı.
«Sumqayıt»ı qəbul etdilər, Mərdəkandan 3 xalla ayrıldılar.
Bu oyundan qısametrajlı film çəkilsə, qəhrəman obrazı Roman Maçadonun əyninə əla oturar. Ağır zədədən dönmüş braziliyalı hücumçu 1 qol vurdu, 3 dəfə diqqət mərkəzinə düşdü.
Onun ilk qolunun qeydə alınmaması təəccüblüdür. Hakimlər briqadası VAR-a baxandan sonra belə ofsayd qərar verirsə, day heç zad!
«Araz»ın penalti vurmaq hüququ qazandığı epizoda da çox sözüm yoxdur.
İki «8 nömrə»nin - Səbuhi Abdullazadə ilə Karlos Jatobanın mübarizəsinin sonunda ikincinin yerdə qalmasına Cavid Cəlilovun reaksiyası «11 metrə» olmalı deyildi.
Referi yenə VAR kamerasına göz atmışdısa, bu cür yüngülvari epizoda sərt yanaşmamalı idi. Bu cür fraqmentlər hər oyunda 5-10 dəfə olur, özünü normal hakim sayan şəxs üstündən keçir.
Ramon Maçado bu penaltini qola çevirdi, fasilədən sonra da ikinci qolun vurulmasında birbaşa işiirak elədi. O, «Araz» üçün necə əhəmiyyətli bir sima olmasını təsdiqlədi.
Qoy, Elmar Baxşıyev dua eləsin ki, braziliyalı bir daha zədə almasın. Baş məşqçi Əyyub Allaşın dönüşünün nə qədər uzun çəkməsini arzu eləsə, mən ona pis baxmaram.
Qış fasiləsində 15 min dollar maaş qarşılığında «Şerif»dən gətirilən yarımmüdafiiçinin yoxluğunda «Araz»ın orta sahəsi daha hərəkətli, daha kreativ idi.
ELNUR