
"Araz Naxçıvan"ın qış fasiləsində sonra Premyer Liqada işləri yolunda getmir.
Komanda keçirdiyi 10 oyunda cəmi 1 qələbə qazana bilib.
Amma Ölkə Kubokunda vəziyyət tam başqadır. Elmar Baxşıyevin yetirmələri burada rəqib tanımır.
Öncə "Zirə"ni hər iki görüşdə məğlub edərək (1:0, 2:0) yarımfinala yüksələn naxçıvanlılar bu mərhələnin ilk oyununda "Qarabağ"a məğlubiyyət yaşada bildi - 1:0.
3 görüşdə 4 qol vuran "Araz" öz qapısını toxunulmaz saxlaya bilib.
Bəs hər iki cəbhədə belə uğurlu olmağa nə mane olur?
Sportinfo.az-a açıqlamasında baş məşqçi Elmar Baxşıyev bunları deyib:
"Biz kubok və çempionat oyunlarını deyə seçmirik. Hər iki cəbhədə mübarizəmizi davam etdiririk.
Mümkün qədər çempionatı üst sıralarda bitirməyə, ölkə kubokunda isə imkan daxilində irəliləməyə çalışırıq.
Komandada eniş, düşüş yoxdur. Əvvəlki kimi yolumuza davam edirik. Qələbə qazana bilmədiyimiz oyunlarda da oyun intizamı yerində olub, çoxsaylı qol epizodları yaratmışıq.
Əsas problem son nöqtə ilə bağlı olub.
Eyni zamanda, xüsusilə də qış fasiləsindən sonra zədəlilərimiz çox oldu. Bura cəzalıları da əlavə etsək heyət baxımından ciddi çatışmazlıqlar oldu.
Belədə rotasiya edə bilmədik. Tədricən zədəlilər sıraya dönür. Amma komandada hansısa enişdən, psixoloji problemdən danışmaq absurddur.
Rəhbərliklə də hər zaman bu barədə söhbətimiz olur. Onlar da komandaya daim dəstək olur yanımızda olduqlarını hiss etdirir və göstərirlər.
Futbolda bu cür çətinliklə hər bir komanda üzləşə bilər. Artıq movsumun sonuna yaxınlaşırıq.
Futbolçu məşqçi rəhbərlik birgə komandanın çempionatı yaxşı yerdə başa vurması üçün birləşib. İnşallah, sonda məqsədimizə çatarıq".
XANOĞLAN