
Elmar Baxşıyev baş məşqçisi olduğu «Araz-Naxçıvan»ın rəhbərliyindən bədgümandır.
O, ötən ilin martından çalışdığı Muxtar Respublika klubundakı vəziyyətdən narazıdır.
Mütəxəssis özünə yaxın saydığı şəxslərlə söhbətində bu barədə danışıb, bildirib ki, onlardan heç bir dəstək görmür.
Baxşıyev gündəlik iş prosesində müxtəlif çətinliklərlə üzləşdiyini, bu problemlərin həlli üçün addımların atılmadığın, təzyiq altında fəaliyyətini davam etdirdiyini söyləyib.
Baş məşqçi 2-3 oyunçu xaric, bütün komanda üzvlərinin onun arxasında dayandığını qeyd edib.
Həmçinin deyib ki, futbolçular klub rəsmilərinin kollektivə münasibətinin dəyişməsindən narahatdır, bu da ruh düşkünlüyü yaradıb.
Baxşıyev idarəçiləri «olduqca çətin adam» kimi xarakterizə eləyib, başqa sərfəli təklif gələrsə, «Araz-Naxçıvan»la vidalaşacağını vurğulayıb.
Naxçıvan Futbol Federasiyasının (NFF) prezidenti Zaur Axındov «Araz-Naxçıvan»ın baş məşqçisi Elmar Baxşıyevin fəaliyyətindən narazıdır.
Komandanın Premyer Liqanın ikinci yarısına bərbad start verməsi və uğursuzluq zolağına yuvarlanması Muxtar Respublikanın futbol həyatına məsul olan bir nömrəli şəxsin ondan inciməsinə gətirib çıxarıb.
Baxşıyev mövcud vəziyyətlə bağlı onunla təkbətək görüşməyə dəfələrlə cəhd göstərsə də, rəhbərin qəbuluna düşə bilməyib.
Maraqlıdır ki, NFF-nın rəhbəri məşqçi korpusunun üzvlərindən yalnız Əfran İsmayılova «stop» qoymayıb. Bu da Zaur bəyin millinin və «Qarabağ»ın keçmiş yarımmüdafiəçisinə simpatiya ilə yanaşmasından irəli gəlir.
«Araz-Naxçıvan» liqanın geridə qalan 28 həftəsində 48 xal toplayıb. 2025-ci ilə bərbad başlayan «ağ-qırmızılar» ikinci pilləni «Zirə»yə təhvil verib.
İndi Naxçıvan təmsilçisi «qartallar»dan 7 xal geri qalır.
Klubun maddi yükü əsasən Zaur Axundovun üzərindədir. İş adamı iki ilə yaxındır ki, «Araz»ı demək olar təkbaşına çiyinlərində daşıyır.
Tanınmış biznesmen komandaya hər cür qayğı göstərir. Onun yalnız bir istəyi var - avrokuboklarda iştirak.
Elmar Baxşıyevin üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək üçün hələ vaxtı var. Qarşıdakı 1-2 tur bu mənada baş məşqçidan ötrü həlledici ola bilər.
Hər halda rəhbər ona belə bir xəbərdarıq edib.
SPORTİNFO.AZ