
«Araz-Naxçıvan» təlatüm yaşayır yenə. Hamı tikan üstündədir, narahatdır.
Başda da Elmar Baxşıyev. Üzərində qara buludlar dolaşır təkrar.
Klubun faktiki rəhbəri Zaur Axundov onun fəaliyyətindən narazıdır. İki ildir «Araz»ın maddi yükünü çiyinlərində daşıyan Naxçıvan Futbol Federasiyasının prezidenti gedişatın dəyişdirilməsini istəyir.
Üçüncü dövrəni bərbad keçirən komandanın mövqelərinin zəifləməsi Axundovu məcbur edir ki, Elmar Baxşıyevlə sərt danışsın.
Xəbərimiz var, son vaxtlar ona növbəti dəfə barmaq silkələyib. İki-üç turluq möhlət verib Baxşıyevə.
Bunlardan biri dünən bitdi. «Neftçi»nin qonağı olan «Araz» 1 xal qazandı.
Səhv başa düşmədiz, itirmədilər, qazandılar.
Baxşıyev hər dəfə işlərin qaydasında getməsini iddia etsə də, komandanın düşüş yaşamasını dansa da, bu, doğrudan da, belədir. Zəif oynayırlar. Bərbad oynayırlar.ruhsuz oynayırlar.
«Araz» sezonun əvvəlindəki görüntüsü itirib. O istək, o həvəs, o nizam yoxa çıxıb. Rəsmən sönüblər.
İkinci hissədəki «Araz» autsayder futbolu sərgilədi. Şans üzlərinə güldü - 45 dəqiqə ərzində bir yox, bir neçə dəfə.
Qələbə naminə döyüşmədilər. Tək istəkləri ev sahiblərindən 1 xal qoparmaq idi.
Elmar Baxşıyevə məsləhətim var - daha gözə kül üfürməsin, yalan danışmağı yığışdırsın.
Kor kor da.
KAMİL