
Bu gün «Araz-Naxçıvan» kritik dönəmdən keçir.
Komanda Elmar Baxşıyevin nəzarətindən çıxıb.
Ramon Maçadonun qəfil aldığı ağır zədə baş məşqçinin bütün planlarını pozub. Felipe Santosun «Qarabağ»la oyunda aldığı qırmızı vərəqə isə hər şeyi «kaşa-maşa» edib.
«Araz-Naxçıvan» mövsümün üçüncü döarəsinə pis başladı, çox pis də bitirdi. Doqquz tura 6 xalın toplanması hədsiz mənfi haldır. Baxşıyev buna dair rəhbərliyə hesabat verməlidir.
Mövcud problemlərin kökündə iki səbəb dayanır:
BİR: Qışda Maçadoya alternativ hücumçunun alınmaması.
İKİ: Nizam-intizamın itməsi.
Elmar Baxşıyev qış fasiləsində yaxın adamlarından düzgün məsləhət almadı. Çevrəsində bu qədər adam var, biri ona demədi ki, hoca, gəl, ön xəttə yeni oyunçu gətirək, orta sahədə, onsuz da, sıxlıqdır.
Ülvi İsgəndərov yaxşı hücumçudur, ancaq sabit və qolçu deyil, onun ipiylə quyuya enmək olmaz. Dünən də «Şamaxı» önündə xeyli dəqiqə aldı, adını tabloya yazdıra bilmədi.
Felipe Santosa məlum idi ki, o, Maçadonun yoxluğunda komanda yoldaşlarının əsas qol ümididir.
Bundan xəbərdar olan vinger «Qarabağ»la oyunda rəqibinə əl-qol atır və dava-dalaş salırsa, deməli, Elmar Baxşıyevdən çəkinmir, məsuliyyətini anlamır, heç kimi vecinə almır.
Felipe dünən meydanda olsaydı, «Araz» ikinci hissədə topla bu qədər «döyülməz»di.
MUSA