
“Mən buna biganə qala bilməzdim”.
Sportinfo.az xəbər verir ki, bu sözlər “Araz-Naxçıvan”ın yarımmüdafiəçisi Karlos Jatobaya məxsusdur.
Xəbər verdiyimiz kimi, Azərbaycan Premyer Liqasının 26-cı turunda keçirilən “Araz-Naxçıvan” - “Qarabağ” matçında (1:3) gərgin anlar yaşanıb.
80-ci dəqiqələrdə Ağdam klubunun yarımmüdafiəçisi Yassin Benzia rəqibi Felipe Santosu qıcıqlandırıb. Bu isə hər iki komandanın futbolçularının əlbəyaxa davasına səbəb olub.
Nəticədə "Araz-Naxçıvan"dan Felipe Santos qırmızı, Bəxtiyar Həsənalızadə və Karlos Jatoba sarı vərəqələr alıblar. "Qarabağ"dan isə Marko Yankoviç və Yassin Benziaya sarı vərəqə göstərilib.
Braziliyalı legioner bildirib ki, hər şey Benzianın hərəkətindən sonra başlayıb:
“Benzia Felipedən topu aldı. Düzdür, söyüş söymədi, amma yerdə qalan Felipeyə qarşı aşağılayıcı hərəkətlər etdi.
Biz bir ailəyik. Mən də komanda yoldaşıma qarşı etdiyi hərəkətə görə Benziaya etirazımı bildirdim.
Dava etmək fikrim yox idi. Sadəcə, etirazımı bildirirdim.
Bundan sonra rəqib futbolçular aqressiv şəkildə üstümə gəldilər və ara qarışdı”.