
«Araz-Naxçıvan»ın Premyer Liqada keçirdiyi son 7 oyundan qazandığı xalların sayı cəmi 5-dir.
Bu, birinci və ikinci dövrəyə nəzərən kifayət qədər aşağı göstəricidir.
Elmar Baxşıyev isə yenə iki ayağını bir başmağa dirəyərək, öz sözünü deməkdədir. Deyir ki, hansısa enişdən söhbət gedə bilməz, komandada hər şey qaydasındadır.
Baş məşqçi bu sözlərlə futbolçularını müdafiə edir. Onun başqa məqsədi yoxdur, niyyəti yalnız xidmətindəkilərin kənar təsirlərdən, medianın təzyiqindən qorumaqdır.
Amma bunu əsəbiləşərək, bozararaq söyləmək… Yersizdir.
Eniş var, həm də necə! Bir Ramon Maçadonun sıradan çıxmasıyla «Araz-Naxçıvan» qara zolağa yuvarlanıb.
Bu, çox pis zolaqdır, oradan nə vaxt qurtulacaqlarını proqnozlaşdırmaq çətindir.
Düşünürəm ki, bunu Baxşıyevin özü də bilmir. Bilsəydi, bu müddətdə çarəsiz kimi texniki zonada daim həyacan keçirməzdi.
Onun qış fasiləsində etdiyi bir ciddi səhv hazırda «Araz-Naxçıvan»ı çox geri atır. Mütləq və mütləq yeni hücumçu almalıydı.
Bununla komandanın Ramon Maçadodan asılılığı azalar, rəqabət bir qədər də güclənərdi. Başqa ön xətt oyunçusu tapmaqdansa, Əyyub Allaşı Azərbaycana geri qaytardı.
15 min dollar aylıq maaşa normal hücumçu tapa bilməzdi ki? Allaş isə yamaq kimi görünür komandaya.
ELNUR