
“Araz Naxçıvan” son 4 görüşdə qələbə üzünə həsrətdir. Mövsümün startından uğurlu qrafik cızan Naxçıvan təmsilçisinin hardasa dayanacağı aydın idi. Mövsümü eyni tempdə keçirən az-az kollektiv tapılar. Gözlənilən “qara zolaq” “Araz”ı qış fasiləsindən sonra yaxaladı.
Elə bu dəmdə də təcrübəli mütəxəssisin başının üzərini qara buludlar aldı. İstefa söhbətləri manşetləri bəzədi.
Məsələn, bu mövsüm “Zirə”nin ardıcıl 3 oyunda məğlub olduğu period olub. “Turan Tovuz”ın 8 matçda yalnız 1 qələbə qazandığı “qara zolaq” yaşanıb. Nə Rəşad Sadıqovun, nə də Kurban Berdiyevin göndərilməsi ilə bağlı söhbətlər qarşımıza çıxmayıb.
Amma 15 görüşdə məğlubiyyətin nə olduğunu bilməyən "Araz"ın ardıcıl 4 görüşdə qələbə qazana bilməməsi yatanları oyatdı, daşları yerindən tərpətdi.
Təəccübləndik?
Əsla.
Azərbaycan futbolunun son illər yetişdirdiyi ən istedadlı məşqçilərdən biri də Elmar Baxşıyevdir.
Təcrübəli mütəxəssis hələ “Qəbələ”də çalışdığı dönəmdən özü ilə bağlı xoş mesajlar ötürə bilib.
Qısa müddətdə bölgə klubuna ölkə kubokunu qazandırmaq və iki dəfə avrokuboklara aparmaqla.
Bu gün də “Araz Naxçıvan”la uğurlu çıxış etməyi bacarır. Çətin dönəmdə əlini daşın altına qoydu.
Hələ ötən mövsümün sonu göndəriləcəyi iddia olunurdu.
Qısa müddətdə formalaşdırdığı kollektivlə mövsümə fırtına kimi başladı. 15 görüşdə məğlubiyyətin nə olduğunu bilmədi.
Qısa müddət "Qarabağ"ı taxtdan saldı, uzun müddətdir çempionatda ikinci pillədə qərarlaşıb. Ölkə kuboku uğurunda mübarizə davam edir.
Amma nə hikmətdirsə, sabiq komandasında olduğu kimi, “Araz”da da ilk büdrəmədəcə barəsində istefa söhbətləri yayılır. Rəhbərliyin gah 3 oyun, gah da 5 oyun vaxt verdiyi deyilir.
Görünür, həm meydanda, həm də meydandan kənardakı rəqibləri ilə mübarizə aparmaq Baxşıyevin taleyinə yazılıb.
Bir sözlə, ünvan yeni olsa da, mənzərə çox tanışdı.
XANOĞLAN İMANOV