İddialı komandanın əsas dərdi - O, qayıtsın, görün, meydan necə qızışacaq!

25 Fevral 16:40 Araz-Naxçıvan 1 485
İddialı komandanın əsas dərdi - O, qayıtsın, görün, meydan necə qızışacaq!

Çempionatın ilk yarısında 15 oyunluq məğlubiyyətsiz seriya yaxalayan “Araz-Naxçıvan” əvvəlki günlərindən uzaq düşüb.

Qış fasiləsindən sonrakı 5 matçda cəmi 1 qələbə qazanılıb.

Futbol “biliciləri” müxtəlif əsaslar göstərirlər. Guya rəhbərlik Elmar Baxşıyevlə yola getmir, guya komandanın daxilində vəziyyət ürəkaçan deyil, guya bir atımlıq barıt qurtarıb və s. və i.

Futboldan az-çox başı çıxan adam “Araz”ın oyunlarına diqqət yetirsə, başa düşər ki, bu gün komandanın bir nömrəli problemi Ramon Maçadonun yoxluğu və Elmar Baxşıyevin sərəncamında onu əvəzləyəcək hücumçunun olmamasıdır.

Niyə yoxdur? Niyə vaxtında layiqli əvəzləyici alınmayıb? Hə, bunlar başqa söhbətin mövzusudur.

Ramonun zədələndiyi “Zirə”ylə kubok qarşılaşmasından sonra Naxçıvan təmsilçisi Premyer Liqada 3 oyun keçirib. Nə qələbə qazana bilib, nə də rəqib qapılarına yol tapıb. Hər iki xananın qarşısındakı rəqəm 0-dır.

Halbuki, “Kəpəz”, “Turan Tovuz” və “Səbail”lə oyunlarda “Araz” azı 10 dəfə 100 faizlik qol şansı yaxalayıb və bütün hallarda imkanlar boşa verilib. Tovuzdakı qarşılaşmada İqor Ribeyro “qırmızı” almasaydı, qonaqlar qərbliləri meydana çıxmağa peşman edəcəkdilər.

Maçado təkcə “vuran ayaq” deyil. O, meydanda olanda rəqib müdafiəçilərin “nəfəsini kəsir”, pressinq edir, cərimə zərbəsi qazanır və ən əsası...

Ən əsası odur ki, Ramon həm özü oynayır, həm də Felipe Santosu oynadır. Komandasının ən məhsuldar futbolçusu olan Felipenin vurduğu 8 qolun böyük əksəriyyətində Ramonun zəhməti olub. Braziliyalı cütlük bir-birini gözüyumulu başa düşür. Sanki ayaq açıb gəzməyə başlayandan bir yerdə oynayıblar.

“Araz”ın problemi bu yox, başqa cəhətlərdə olsaydı, rəqiblər onların qapısını “aşsüzən” edər, moldovalı qapıçını topla “döyərdilər”. Ya da naxçıvanlılar rəqiblərin qapısı önündə təhlükə yarada bilməzdi, “meyit” təsiri bağışlayardı.

Çətini Ramon qayıdıncadır. Qayıtsın, görün mübarizə necə qızışacaq, komandadakı futbolçuların əl-qolu necə açıqlacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti