
«Klubumuzun rəhbərliyinin baş məşqçi və onun köməkçilərindən heç bir narazılığı yoxdur».
«Araz-Naxçıvan»dan Sportinfo.az-a verilən açıqlamada belə deyilir.
Bildirilib ki, Premyer Liqanın üçüncü dövrəsində qeyri-sabit nəticələr əldə edilməsinə baxmayaraq, yönətim Elmar Baxşıyevlə yollarını ayırmaq niyyətində deyil:
«O, cari mövsüm komandamıza artıq 45 xal qazandırıb. Turnir cədvəlində ikinci yerdəyik.
Futbolda heç kimə zəmanət verilməyib ki, bütün oyunları udacaqsan və ya udmalısan. Burada eniş də var, çıxış da var.
Bundan sığortalanan yoxdur. Son həftələrdəki nəticələr birbaşa zədəli futbolçularımızın çoxluğu ilə bağlıdır.
Beş-altı aparıcı futbolçumuz bu səbəbdən həftələrdir komandaya kömək edə bilmir. Onların qayıdışını gözləyirik.
Həkimlər zədəlilərin tezliklə sıraya dönməsi üçün əlindən gələni əsirgəmir. Elmar Baxşıyev də, onunla bərabər çalışan məşqçilər də öz üzərinə düşən işi görür.
Üzləşdiyimiz vəziyyət müvəqqətidir. Komandamızın qısa bir müddətdə toparlanacağına və qələbələr qazanacağına şübhəmiz yoxdur».