
“Araz-Naxçıvan”ın aparıcı hücumçusu daha 10 gün yaşıl meydanlardan uzaq qalacaq.
“Kəpəz” və “Turan Tovuz”la matçlarda iştirak etməyən Ramon Maçado Premyer Liqanın 24-cü turu çərçivəsində “Səbail”lə, eləcə də “Zirə”ylə kubokun cavab qarşılaşmasında forma şansı qazanmayacaq.
Əslində, Ramonun qısa müddətdə sağalacağı və “Səbail”lə oyunda iştirak edəcəyi gözlənilirdi. Lakin iki gün əvvəl yenidən MRT müayinəsindən keçən braziliyalı forvardın ayaq əzələlərində gərilmənin davam etdiyi məlum olub.
Bu isə Maçadonun ən yaxşı halda 10 gün kollektiv məşqlərdən ayrı düşəcəyi deməkdir.
“91 nömrə” fevralın 6-da Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunu çərçivəsində baş tutan “Zirə”ylə duelin 14-cü dəqiqəsində həmyerlisi Ruan Renato ilə ikili mübarizədə zədələnib Ülvi İsgəndərovla əvəzlənmişdi.
“Araz-Naxçıvan” Ramonsuz meydana çıxdığı son iki görüşdə cəmi 1 xal qazanıb.
HƏBİB / SPORTİNFO.AZ