![“Xanımımı xoşbəxt etmək üçün Azərbaycana qayıtdım - Problem yaşamırıq, halal yeyirik”](https://www.sportinfo.az/media/2025/02/12/screenshot_20240707_081922_instagram.jpg)
“Azərbaycanda və digər ölkələrdən mənimlə yaxından maraqlanırdılar”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Araz-Naxçıvan”ın son transferi Əyyub Allaş deyib.
Ötən iki mövsümdə “Qəbələ”nin formasını geyinmiş, 2024-cü ilin iyulunda “Şerif”lə müqavilə bağlamış və bugünlərdə Azərbaycana qayıtmış mərakeşli yarımmüdafiəçi ona çıxsaylı dəvətlərin olduğunu bildirib:
“Elə seçim etməliydim ki, tək özüm yox, xanımım da xoşbəxt olsun. Həyat yoldaşım əvvəlki dönəmdə Azərbaycanda yaşamışdı və burada xoşbəxt olduğunu bilirdim.
Bura müsəlman ölkəsidir, insanların yanaşması və düşüncə bizə doğmadır, qidalanma ilə bağlı problem yaşamırıq, halal yeyirik.
İlyarım “Qəbələ”nin şərəfini qorumuş 29 yaşlı futbolçu növbəti dəfə Elmar Baxşıyevin rəhbərliyi altında top qovacaq.
2023-cü ilin yanvarından 2024-cü ilin mayına qədər bölgə təmsilçisinin uğurları üçün tər tökmüş Allah ötən yay Moldova “Şerif”i ilə müqavilə bağlamış, avrokubok oyunu çərçivəsində yeni komandasının heyətində “Zirə”yə qarşı oynamışdı.
Əyyubun yenidən Azərbaycana dönüşü Moldovanın köklü klubunda şans qazanmaması, yaxud özünü göstərə bilməməsi ilə bağlı deyil.
O, Azərbaycanda yaşamağı və daha səviyyəli liqada oynamağı “Şerif”də qalmaqdan üstün tutub. Hər halda statistika belə deyir.
Ərəb Tiraspol komandasının Moldova çempionatında keçirdiyi 14 oyunun 11-də forma şansı qazanıb ki, bunların 5-də əsas heyətdə yer alıb.
Bu görüşlərdə aktivinə 4 qol və 2 assist yazdırıb.
Avrokuboklarda “Şerif” 6 oyun keçirib. Allaş 3-ü “11-lik”də olmaqla bütün matçların iştirakçısı olub. Komandasına 1 qol və 1 məhsuldar ötürmə ilə fayda verib.
Beləliklə, “Araz-Naxçıvan”ın yeni transferi 5 ay şərəfini qoruduğu Tiraspol təmsilçisində 17 qarşılaşmada şans qazanmaqla 5 qol və 3 assistlə yadda qalıb. Hər halda, yarımmüdafiəçi üçün yaxşı göstərici sayıla bilər.
İşin pis tərəfi odur ki, səbəbkar sonuncu dəfə ötən ilin noyabrında meydana çıxıb.
Əyyubun “Şerif”lə müqaviləsinin müddəti 2026-cı ilin iyun ayına qədər nəzərdə tutulmuşdu.