İkinci yeri əldən verməmək «Araz-Naxçıvan»ın ümdə məqsədidir.
Elmar Baxşıyev səhər-axşam bunun üçün çalışır, dua edir.
Əyyub Allaşın qəfil transferi bu məqsədə xidmət eləyir. Mərakeş kökənli yarımmüdafiəçiyə az məbləğ ödəməyiblər. Qəpik-quruş üçün «Şerif»dən ayrılıb bura gəlməyib.
Allaş «Araz-Naxçıvan»da papağını günə verməyəcək. Xeyrini görəcəklər.
Texnikası və fərqli düşüncə tərziylə Baxşıyevin əlini gücləndirəcək, qol-qanad açdıracaq.
İti və sürətli ötürmələri baş məşqçinin ürəyinə su səpəcək. Sadəcə, bir-iki həftə gözləmək gərəkdir.
Ramon Maçadonun yeri «Kəpəz»lə qarşılaşmada çox hiss olundu. Zədələndiyi üçün 3 həftə meydana çıxmayacağı dəqiqləşən braziliyalı hücumçunun yoxluğunda «Araz»ın hücum fazasında işləri düz gətirmədi.
«Dişsiz» təsir bağışladılar. Oyunu bura qədər yaxşı gətirdilər: həmişəki istək və döyüşkənlik yerində idi, bircə irəli ucda kəsərlilik çatmadı.
Maçada olmayanda, Felipe Santos özünü suda balıq kimi hiss etmir. Qanadları yanına düşmüş quşa bənzəyir.
İki braziliyalı çiyin-çiyinə oynayanda «Araz-Naxçıvan» bir başqadır, ikisindən biri meydana çıxmayanda bir başqa.
MUSA