“Saytınızın yaydığı xəbər tamamilə doğrudur, olnunla şəxsən özüm əlaqə saxlamışam“.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Araz-Naxçıvan“ın icraçı direktoru Eldəniz Yusifov deyib.
Daha öncə xəbər verdiyimiz kimi, yanvarın 14-də “Neftçi” ilə yollarını rəsmən ayıran Kilan Lebon karyerasını Azərbaycanda davam etdirmək fürsəti yaxalayıb.
Paytaxt təmsilçisi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verən fransalı Premyer Liqanın başqa bir iştirakçısından dəvət alıb.
“Araz-Naxçıvan“ adıçəkilən yarımmüdafiəçiyə 6 ay+1 illik müqavilə təklif edib.
2023-cü ilin yanvarından ölkəmizdə legioner həyatı yaşayan 27 yaşlı Lebon “ağ-qaralar”ın heyətində 73 rəsmi oyun keçirib, 6 qol vurub.
E.Yusifov K.Lebonla anlaşmaq ehtimalının az olduğunu bildirib:
“Onun özüylə danışandan 1 gün sonra meneceri mənimlə əlaqə saxladı.
Biz öz təklifimizi etdik, meneceri də futbolçunun şərtlərini açıqladı. Açığı, arada ciddi fərq var.
Lebonun maliyyə tələbləri gözlədiyimizdən də qat-qat yüksəkdir. Bizim klubda heç kimə o qədər pul ödənilmir.
Yenə də gözləmə mövqeyindəyik. Lebon büdcəmizə uyğun məbləğə razılıq verərsə, onunla müqavilə bağlamağa hazırıq“.