Ardıcıl məğlubiyyət sayı üçə çatdı «Araz-Naxçıvan»da.
«Sabah»la başlayan uğursuzluq seriyası «Qarabağ»la davam etdi.
«Zirə» ilə bitəcəkmi? Elə-belə sual deyil bu.
Bir komanda yoxdur ki, bütün mövsümü sabit keçirsin, bütün oyunları udsun.
Futbolun qələbəsi olduğu kimi, enişi və yoxuşu, heç-heçəsi, məğlubiyyəti var.
Davamlı yenilgilərin səbəblərini Elmar Baxşıyev araşdıracaq. Boş verə bilməz bunu.
Narahatlıq keçirmirmiş kimi aparır indi o özünü. Tövrünü pozmur, sakitliyini qoruyur.
Üzdədir bu. Daxilən təlatüm yaşayır Baxşıyev. Turnir cədvəlində ikinci pilləni itirmək qorxusu yaşayır içində.
Görüb-götürmüş biridir, bilir ki, bir az da belə getsə, klubun yuxarı qatından zəng gələcək, görüşə çağırılacaq.
Nə baş verir? Niyə baş verir? Nə fikirləşirsən?
Bu kimi suallar ünvanlanacaq ona. Qəti şübhəniz olmasın, verəcəklər bu sualları.
Mən deyərdim ki, futbolçularda rahatlıq əmələ gəlib. 15 həftəlik uğurlu seriyanın yaratdığı arxayınlıqdan başqa bir şey deyil bu.
Ön xətdə yer alanlar üçün mövsüm vaxtından xeyli əvvəl başa çatıb.
Bu zonaya yeni oyunçunun transferi mütləqdir.
İrəli ucu aktivləşdirəcək, hərəkətlik gətirəcək, yatmışları oyadacaq, ruhən meydana qaytaracaq legioner alınanadək gözləmək lazım gələcək.
ELXAN