“6 aydır doğmalarımı görmürəm.
Ailəm, doğmalarım üçün çox darıxmışam”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Araz-Naxçıvan”ın yarımmüdafiəçisi Miço Kuzmanoviç deyib.
Çempionatın ilk yarısının yekunlarına görə yaranmış fasilə xüsusən əcnəbi oyunçular üçün göydəndüşmə oldu. Əksəriyyət vətəninə yollanıb, bəziləri yorğunluğunu xarici ölkələrdə çıxarır.
Miço isə heç yerə getmək niyyətində deyil. Əvvəldən sona qədər Bosniya və Hersoqovinada vaxt keçirmək niyyətindədir:
“Xanımımla səyahət etməyi sevirəm əslində. Başqa vaxt olsaydı, bəlkə də başqa ölkədə dincələrdik.
Ancaq indiki məqamda evimi arzulayıram. Cəmi iki həftə zamanımız var.
Qaldığım şəhər Sarayevoya yaxındır. 2025-ci ilin ailə üzvlərim və doğmalarımla birlikdə qarşılayacağıq”.
Maraq üçün bildirək ki, “Araz-Naxçıvan”ın üzvləri üçün qış fasiləsi yanvarın 4-də başa çatacaq. Ertəsi komanda məşqlərini Bakıda bərpa edəcək.
HƏBİB