“Çox yaxşı mövsüm keçiririk və bu tempi sona qədər saxlamaqda israrlıyıq”.
“Araz-Naxçıvan”ın legioneri Miço Kuzmanoviç Sportinfo.az-a açıqlamasında komandasının çıxışını şərh edib.
Ötən mövsüm elitaya vəsiqə qazanaraq çempionatı 8-ci pillədə başa vuran Muxtar Respublika təmsilçisi cari “futbol ili”ndə xoş təsir bağışlayır.
Avqustun 2-də “Qarabağ”a məğlub olandan sonra 15 oyun məğlubiyyətin nə olduğunu bilməyən “qırmızı-ağlar”ın yenilgisizlik seriyası “Sabah”la qarşılaşmada qırıldı. Bir həftə sonra isə komanda “Qarabağ”a uduzdu.
4 aydan sonra ardıcıl 2 yenilgiyə baxmayaraq, bosniyalı yarımmüdafiəçi “Araz-Naxçıvan”la qürur duyduğunu gizlətməyib:
“Məğlubiyyətlər bizi ruhdan salmamalıdır. Çünki yenə 2-ci sıradayıq və yalnız “Qarabağ” kimi rəqibdən geri qalırıq. Çempionatdakı komandaların adlarına və rəqabətə nəzər salanda, bu, yaxşı nəticədir.
Rəqəmlə qiymətləndirməli olsam, nəticələrimizə “5” üzərindən “5” verirəm.
Qış fasiləsindən sonra gücümüzü bir az da artıraraq daha yaxşı olacağımıza inanıram. Bunun üçün potensialımız var. Məqsədimiz yerimizi qorumaqdır”.
18 turdan sonra “Qarabağ” 47 xalla birinci, “Araz-Naxçıvan” 39 xalla ikinci sırada yer alıb.
HƏBİB