Avqustun 2-dən bu yana məğlubiyyətin nə olduğunu bilməyən “Araz-Naxçıvan” ağır dönəmə qədəm qoyur.
Premyer Liqanın açılış turunda “Qarabağ”a uduzan Naxçıvan təmsilçisi 15 oyundur meydanı xalsız tərk etmir.
Qış fasiləsinə lider kimi yollanmaq üçün Elmar Baxşıyevin yetirmələri növbəti turda “Sabah”la, ilin sonuncu qarşılaşmasında “Qarabağ”la dueldən başıuca ayrılmalıdır.
Komandanın braziliyalı qol ümidi Ramon Maçado Sportinfo.az-a qarşıdakı oyunlarla bağlı fikirlərini bildirib:
“Bura qədər yaxşı gəlmişik. Göstərdiyimiz nəticələrlə özümüz qarışıq hər kəsi təəccübləndirməkdə davam edirik.
Önəmli olan bundan sonrakı dönəmdir. Həqiqətən də iki çətin oyuna çıxacağıq. Rəqiblərimiz çox güclüdür.
Məğlubiyyəti qətiyyən ağlımızdan keçirmirik. Rəqibin adından asılı olmayaraq, qələbəyə köklənirik.
Bundan sonra da belə olacaq. Ən pis halda heç-heçə ola bilər. Əsas odur ki, bu oyunlar azarkeşlər üçün böyük maraq kəsb edəcək”.
Dekabrın 14-də “Liv Bona Dea Arena”da keçiriləcək “Araz-Naxçıvan” – “Sabah” dueli saat 16:30-da başlayacaq.
HƏBİB